Cüdoçularımız Avropa kuboku turnirində 3 medal qazanıblar

10:40 01-03-2020 449

Antalyada fevralın 29-da start götürən Avropa kuboku turnirinin birinci günündə Azərbaycanın yeniyetmə cüdoçuları 3 medal qazanıblar.

Oğlanlar arasında Murad Gülməmmədov (50 kq) gümüş, Seymur Məcidli (60 kq) bürünc medala layiq görülüblər. Qızların yarışında isə Lətifə Abbasova (48 kq) üçüncü yeri tutub.

Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 32, qızların yarışında isə 13 cüdoçu təmsil edir. Komandamızın heyətində bir sıra beynəlxalq turnirlərin qalib və mükafatçıları da yer alıb.

On altı ölkədən beş yüzdən çox cüdoçunun iştirak etdiyi yarışlara bu gün yekun vurulacaq.