Azərbaycan Gimnastika Federasiyası ardıcıl üçüncü dəfə dünyanın ən yaxşısı seçildi

12:20 03-03-2020 415

Azərbaycan Gimnastika Federasiyası (AGF) Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən “Mükafatlandırılan Federasiyaların” siyahısında yenidən birincidir.

Bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.

2019-cu ilin nəticələrinə əsasən, AGF bir daha digər federasiyalardan fərqlənərək birinciliyi əldən verməyib.

Ötən il federasiya tərəfindən gimnastikanın üç növü üzrə Dünya Kuboku, bədii gimnastika üzrə Dünya Çempionatı, FIG Akademiyasının kişi idman, batut və aerobika gimnastikası üzrə məşqçilik kursları, beynəlxalq yarışlar və digər tədbirlərin yüksək səviyyədə təşkili, həmçinin, FIG-nin tanıdığı gimnastikanın yeddi yarış növü üzrə yarışlarda intizamlı şəkildə qeydiyyatdan keçərək, aktiv iştirakı FIG tərəfindən bu dəfə də yüksək dəyərləndirilib.

Özündə 148 federasiyanı birləşdirən FIG-nin reytinq siyahısında ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 2002-ci ildən rəhbərlik etdiyi Azərbaycan Gimnastika Federasiyası stabil olaraq 2014, 2015 və 2016-cı illərdə 10 ən güclü federasiyaların sırasında, 2017 və 2018-ci illərdə isə ilk pillədə qərarlaşıb.