Naxçıvanda idman və musiqi şousu - FOTO

15:00 05-03-2020 61

Bu gün 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Naxçıvan şəhərində təntənəli şəkildə qeyd olunub.

HerGun.Az-ın Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, Bakıdan Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin 120-yə yaxın nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının mərkəzi şəhərinə yola düşüb.

Əvvəlcə qonaqlar mərhum prezidentimiz Heydər Əliyevin abidəsinə gül dəstəsi qoyub. Daha sonra Heydər Əliyevin xatirə muzeyi ziyarət olunub.

Daha sonra Saat Meydanında quraşdırılmış muxtar respublikada fəaliyyət göstərən federasiyaların stendləri ilə tanışlıq olub. Yerli idmançılar öz məharətlərini qısa proqramlar vasitəsilə göstərməyə çalışıb.

Bundan sonra Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov qonaqları salamlayıb.

Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov isə çıxışında bu günün əlamətdar olduğunu bildirib:

“25 il əvvəl bu gündə ulu öndər Heydər Əliyev ilk dəfə idman xadimlərini bir araya topladı. Bundan sonra cənab İlham Əliyev bu tarixi sərəncamla rəsmiləşdirdi. Sevindirici haldır ki, Naxçıvan kimi ulu torpaqda bu bayramı bu gün birgə qeyd edirik”.

Naxçıvan Olimpiya Kompleksinin tikintisi zamanı fəaliyyətindən danışan Çingiz Hüseynzadənin nitqindən sonra muxtar respublikanın dörd nümayəndəsinə Fəxri bədən tərbiyəsi və idman işçisi, iki nəfərə idman ustası və üç nəfərə fəxri diplom təqdim olunub.

Bundan sonra bədii hissəyə keçilib. Naxçıvan MR-nın əməkdar artistləri, həmçinin, Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın ifaları ilə tədbir yekunlaşıb.

Səbuhi Musayev