KOBİA-da “İşgüzar Qadınlar Liqası” tədbiri - FOTO

19:00 05-03-2020 489

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatında fəal rol oynayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınların iştirakı ilə “İşgüzar Qadınlar Liqası” tədbiri keçirilib.  

HerGun.Az xəbər verir ki, tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova Azərbaycanın ictimai-siyasi həyatında qadınların fəaliyyətini vurğulayıb, qadın sahibkarların məşğulluğun artmasında, özəl bölmənin inkişafında rolunu qeyd edib, bu sahədə həyata keçirilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib.  

Nazir müavini qadın sahibkarlara dövlət dəstəyinin daha da gücləndirilməsinin və qadınlarda biznes fəaliyyətinə marağın artırılmasının önəmini diqqətə çatdırıb, 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə qadınları təbrik edib, onlara uğurlar arzulayıb.  

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində öz biznesini qurmaq istəyən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlarla sıx əməkdaşlıq etdiyini, KOBİA-nın dəstək və xidmətlərindən qadınların da yararlandığını bildirib.  

Tədbir çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, millət vəkili Qənirə Paşayeva, sahibkar Rəna Yüzbaşı Azərbaycan qadınlarının bütün sahələrdə fəallıq nümayiş etdirdiklərini, qadınların sahibkarlığın və digər sahələrin inkişafında rolunu diqqətə çatdırıblar.  

Tədbirdə sahibkar qadınlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb, KOBİA-nın dəstək və xidmətlərindən istifadə edərək öz biznesini quran və genişləndirən qadınlar barədə “Uğur sahibləri” filmləri nümayiş olunub.