Aksizli mallar üzrə vergi daxilolmalarında yüksək dinamika

12:54 11-07-2019 72

Vergilər Nazirliyi tərəfindən aksizli malların istehsalı və dövriyyəsi sahəsində həyata keçirilən tədbirlər, bütövlükdə fiskallaşma istiqamətində görülən işlər nəticəsində bu sektor üzrə vergi daxilolmalarında yüksək artım dinamikası müşahidə olunur.

Bu barədə Vergilər Nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, aksizli məhsulların istehsal həcmində və aksiz məbləğində yüksək artım templəri istehsalın və dövriyyələrin şəffaflaşmasına, vergidən yayınmanın miqyasının azalmasına dəlalət edir.



2019-cu ilin yanvar-may aylarında alkoqollu məhsullar və enerji içkilərinin istehsalı (aksiz vergisinə cəlb olunan istehsal həcmi) ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz, aksiz məbləği 2,5 dəfə, alkoqollu içkilərin istehsalçılarının dövriyyəsi isə 1,6 dəfə artıb.

Cari ilin beş ayında ötən ilin beş ayı ilə müqayisədə tütün məmulatlarının istehsalçıları üzrə tütün məmulatlarının vergiyə cəlb olunan miqdarı 18,4 faiz, aksiz məbləği 5,6 dəfə, tütün məmulatlarının istehsalçıları üzrə dövriyyə isə 3,7 dəfə artıb.

Bu sektorda artımlar, əsasən, yeni istehsal müəssisələrinin yaranması, eyni zamanda, istehsal həcminin və dövriyyələrin şəffaflaşması şəraitində mümkün olub.

Tütün məmulatlarının istehsalçıları üzrə vergi ödəmələrinin artımına təsir edən amillərdən biri də aksiz məbləğinin artırılması ilə əlaqədardır.

Bu amil nəzərə alınmadan tütün məmulatları üzrə aksiz məbləğində artım 12,5 faiz təşkil edir.