Azərbaycan Premyer Liqası və I divizionunda oyunlar azarkeşsiz keçiriləcək

18:40 10-03-2020 411

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz keçiriləcək.

HerGun.Az xəbər verir ki, bu barədə əmri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev imzalayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və ÜST-ün tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırıb.

Həmçinin adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizəni rəhbər tutaraq belə bir qərar verilib.

Bu üzdən I Divizionun XIX, XX, Premyer Liqanın XXI, XXII turları azarkeşsiz keçiriləcək. Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq.

Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etməlidir.