ABŞ-dan İran hökumətinə müraciət: “Vətəndaşlarımızı dərhal azad edin”

15:00 11-03-2020 389

ABŞ dövlət katibi Mayk Pompeo İran hökumətinə müraciət edib.

“İnterfaks”ın xəbərinə görə, o, humanitar səbəblərə görə Amerika vətəndaşlarını İran həbsxanalarından dərhal azad etməyə çağırıb.

“İran həbsxanalarında COVID-19-un yayılması barədə xəbərlər əhali arasında narahatlıq yaradır, Bütün Amerika vətəndaşlarının tam və dərhal azad edilməsini tələb edirik. Onların getdikcə pisləşən şəraitdə saxlanılması insanlıq qaydalarına ziddir”, - deyə Pompeo bildirib.

Dövlət katibi hər hansı bir amerikalının ölümünə görə birbaşa İranın məsuliyyət daşıyacağı və buna görə həlledici cavab veriləcəyi xəbərdarlığını da edib.

O qeyd edib ki, İran hakimiyyəti bu yaxınlarda koronavirus epidemiyası səbəbindən mərhəmət göstərmək bacarığını nümayiş etdirərək 70 min məhkumu azadlığa buraxıb.

“Buna baxmayaraq, onlar bir neçə ABŞ vətəndaşını haqsız və əsassız halda tutmaqda davam edirlər”, - deyə diplomat bildirib.

Dövlət katibi əlavə edib ki, İrana koronavirusla mübarizə aparmaq üçün humanitar yardım göstərilməsini düşünən hər hansı bir ölkə bunu qarşılıqlı şəkildə etməlidir.