Gülxas SƏMƏDLİ

21:45 11-03-2020 998

BƏXTİM YATIB QUCAĞINDA

 

Dərdim boldu, əlçim-əlçim,

Mən yanıram için-için.

Kədərimi içn-için...

Bu çağımda, bu çağımda,

Bəxtim yatıb qucağında.

 

Bəxt, taledə yanılmışam,

Qəm-qüssəyə tən olmuşam.

Vaxtsız gündə qocalmışam,

Solmuşam mən gənc yaşında,

Bəxtim yatıb qucağında.

 

Mən qəlbdən yarlanmışam,

İstəyimə qalanmışam.

Gör harda axşamlamışam,

Bu ömrümün qabağında,

Bəxtim yatıb qucağında.

 

Bir kitabam oxunmamış,

Bir çiçəyəm qoxunmamış.

Mən kimsəyə toxunmamış,

Bürünmüşəm yarpağında,

Bəxtim yatıb qucağında.

 

Lampa oldum mən piltəsiz,

Ovçu oldum mən gülləsiz.

Dostlarım, tez yetişəsiz,

Ölüm yurd salıb tağımda,

Bəxtim yatıb qucağında.

 

HƏRLƏNƏR RUHUM

Ruhum el-obaya qonaq düşəndə,

Soyumuş bədəndə, canım da hələ,

Elə bil ölümdən uzaq düşmüşəm,

Vallah günahkaram yanında hələ.

 

Açan çiçəklərdə, solğun taleyi,

Ya yaşat ömrümü, ya məhv et məni.

Bilsəm bu yollara düşübdü izin,

Çıxım o yollara peyvənd et məni.

 

Sevgim çiçək kimi solacaqsa da,

Barı o ürəkdə hopum qalım mən.

Bu tale qismətindən qaçacaqsa da,

Elə varlığına qurban olum mən.

 

Tanrı dərgahına enən bir mələk,

Mən sənin yanında oldum günahkar.

Qara buludları qovan günəş tək,

Yanımda deyilsən özün günahkar.

 

Allahım, dərgahında bir mənə baxsın,

Ona yetirmi imdadım, ahım?

Tanrım mən ölmümə bir addım yaxın,

İndi ətrafında hərlənər ruhum…

 

QALDI

Nə qədər arzular qəlbimdə qubar,

Nə qədər diləklər dilənməz qaldı.

Məni yaşadan da nurlu bir vüqar,

Görülən işlər də görünməz qaldı.

 

Həyata atıldım  on dörd yaşından,

Sovuşmadı ağrı, acı başımdan.

Zinhara gəldim mən ömür qışından,

Göz yaşı axıtdım, silinməz qaldı.

 

Safdır, əyilməzdir, düzdü ürəyim,

İlhamlı ürəyim, şehli ürəyim.

Sirrlərlə doludur, sirli ürəyim,

Bəndələr yanında bilinməz qaldı.

 

Nanəcib ad alıb kama çatanda,

Xörəklər bişməmiş tama çatanda,

Naqislər, nadanlar kama çatanda,

Aqillər həmişə lal-dinməz qaldı.

 

Qəribə dünyadır, baş açmır başım,

Zəhər dadır çox vaxt plovum, aşım.

Nə dostum var, nə də sirdaşım,

Həyatdan narazı bir Gülxas qaldı.

 

 

QALA İNDİ

Sevincim də, qəmim də sən,

Arzum axır, nəğməm də sən.

Çox illərdi qəlbimdə sən,

Çıxacam yolundan indi.

 

Ay payızım, yazım mənim,

Ürəyimdə arzum mənim.

Hər yuxumu yozan mənim,

Susacaqdı gözəlin indi.

 

Həyatdakı hər şey bizim,

Saf ürəkli öyüd bizim.

Od-ocağın, közün bizim,

Sənə qurban olam indi.

 

Kokum burda, arxam burda,

Şirin-şirin yuxum burda…

Ana-ata ruhu burda,

Qızlar saçın yolar indi.

 

Titrək kaman simi ollam,

Bir yelkənsiz gəmi ollam.

Yanan ocaq, külün ollam,

O yurdumuz qala indi…

 

DEYİŞMƏ

Elman İsrafiloğlu

Dünya başdan başa dəyişib, atam,

Nadan “alim” olub, sözdən danışar.

Üzə boya çəkmək yaman dəb olub,

Boyalı boyasız  üzdən danışar.

 

Gülxas Səmədli

Düz deyirsən, gözəl dostum,

Yaşamalı dünya deyil bu dünya.

Özü birdir, ancaq üzü yüzdü-yüz,

Yaşamalı dünya deyil bu dünya.

 

Elman İsrafiloğlu

Bu dünya  əyilir  nadan sözünə,

Nadanın tir batmır niyə gözünə?

Doğru öz abrını çəkir üzünə,

Yalançı  qışqırır düzdən danışar.

 

Gülxas Səmədli

Bu dünyanın mələyi var nə qədər,

Mələklərin kələyi var nə qədər...

Düz deyənin kötəyi var nə qədər,

Yaşamalı dünya deyil bu dünya.

 

Elman İsrafiloğlu

Adam var getdiyi yolda sürüşər,

Ona çox adamlar baxıb gülüşər.

Haqq, haqsız yanında tez gözdən düşər,

Hamı nəzər dəyən  “göz”dən danışar.

 

Gülxas Səmədli

Dost deyərək üzdə səni  öyənlər,

Varlığına gündə sağlıq deyənlər.

Dar günündə arxan ilə gülənlər,

Yaşamalı dünya deyil bu dünya.

 

Elman İsrafiloğlu

Namərd  mərd yanında hər cür don geyər,

Yaxşı insanların ömrünü yeyər.

Ağıllı susanda , namərd söz deyər,

Kül  közün  yerinə, közdən danışar.

 

Gülxas Səmədli

Nadanı alimə deyər sərsəri,

Yalançı züy tutar, atar yüz əlli.

Kefli tanıyarmı əsil zərgəri,

Yaşamalı dünya deyil bu dünya.

 

Elman İsrafiloğlu

El ilə sevinib, deyib-gülməyən,

Olar nadan adam, olar haqq əyən.

Yoxuşu əsayla qalxa bilməyən,

Bir ahıl qoca da dizdən danışar.

 

Gülxas Səmədli

Bəzisin övladından  xəbəri yoxdur,

Gecənin nuru, sübhün xəbəri yoxdur.

Tanrının verdiyi haqqı –salamı yoxdur,

Yaşamalı dünya deyil bu dünya.

 

Elman İsrafiloğlu

İstərəm hər zaman qurub-yaradam,

Yaxşı iş görənə mən qol-qanadam.

Ay Elman, haqq yola nabələd adam,

Cığırdan danışır, izdən danışar.

 

Gülxas Səmədli

Gözəl ürəyi, mərd dostları görəndə,

Qubar qalxır, bu Gülxasın könlündə.

Gözlərində sevinc yaşı görəndə,

Yaşamalı dünya deyil bu dünya.

 

 

 

GİZLƏMƏ TA, GÖZÜNÜ SƏN

 

Elman İsrafiloğlu

Gözün gözümdən gizləsən,

Alışacaqsan sözlə sən.

Xışla könlümü düzləsən,

Tapacaqsan özünü sən.

 

Gülxas Səmədli

Sevgimizin zirvəsində,

Qalxıb hissə qapılacam.

Kədərimə sevinc qatıb,

Tellərinə taxılacam.

 

Elman İsrafiloğlu

Vaxt ömrümün sayğacıdır,

Boş keçən günlər acıdır.

Sevgim dərdin əlacıdır,

Gizləmə ta, gözünü sən.

 

Gülxas Səmədli

Göydə şimşək çaxsa əgər,

Yerdə səni gözləyəcəm.

Qurudacam göz yaşımı,

Kədərimi gizlədəcəm.

 

Elman İsrafiloğlu

Hər gün mənə naz edirsən,

Ürəyimi incidirsən.

Qəlbə  naz səpib  gedirsən,

Söndürmə qəlb  közünü sən.

 

Gülxas Səmədli

Qoymayacam kədər qona,

Qəhərimi gizləyəcəm.

Gülüşünə kədər qonsa,

Göz yaşını siləcəyəm.

 

Elman İsrafiloğlu

Sevgim yanar gözlərində,

Gəzmə eşqin düzlərində.

Gəz, qəlbimin  sahilində ,

Görəcəksən izini sən.

 

Gülxas Səmədli

Gözlərimin işığında,

Sənə sevgi göndərəcəm.

Uçacağam sənə doğru,

Varlığımı böləcəyəm.

 

Elman İsrafiloğlu

Qollarımı açdım sənə,

Düşməyəsən duman, çənə.

Aç qəlbini,söylə  mənə,

Söylə, sevgi sözünü sən.

 

Gülxas Səmədli

Asılacam ayağından,

Ürəyində qıvrılacam.

Mənə düşən sevgi payın,

Qısqanacam, qısqanacam.

 

Elman İsrafiloğlu

Gözün gözümdən gizləsən,

Alışacaqsan sözlə sən.

Xışla könlümü düzləsən,

Tapacaqsan özünü sən.

 

Gülxas Səmədli

Mən gözümü gizləmərəm,

Alışaram, heç sönmərəm.

Xışla könül düzləmərəm,

Tez taparsan özünü sən.