ABŞ universitetində Azərbaycanın tolerantlıq ənənələri müzakirə olunub - FOTO

11:00 13-03-2020 435

ABŞ-ın nüfuzlu universitetlərindən olan, Yuta ştatında yerləşən Brigham Young Universitetində (BYU) həmin ştatda səfərdə olan Azərbaycan nümayəndə heyətinin iştirakı ilə 10 mart 2020-ci il tarixində Azərbaycanın multikulturalizm və dinlərarası tolerantlıq ənənələrinə dair müzakirələr keçirilib. Universitetin nüfuzlu Kennedi Mərkəzində təşkil olunan tədbirdə universitetin müəllim və tələbə heyəti iştirak edib.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və ABŞ-ın Stirlinq Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanın müxtəlif dini icmaları və dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Yuta ştatında səfərdədir.

Tədbirdən öncə Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən film nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan BYU Hüquq fakültəsinin Hüquq və Dini Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzinin direktoru Professor Kol Durham (Cole Durham) hər kəsi salamlayaraq, bu önəmli tədbirə ev sahibliyi etmələrindən məmnun olduqlarını bildirib və Azərbaycan nümayəndə heyətini təqdim edib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev sözügedən səfər haqqında danışaraq, bunda əsas məqsədin Azərbaycanın multikulturalizm və dinlərarası harmoniya üzrə unikal təcrübəsinin ölkəmizin müsəlman, yəhudi və xristian din xadimləri, eləcə də dövlət qurumlarının təmsilçiləri vasitəsilə ştat rəsmiləri və ictimaiyyətinə çatdırmaq olduğunu vurğulayıb.

Daha sonra keçirilən müzakirələrdə BBMM-in icraçı direktoru Rəvan Həsənov, DQİDK sədrinin müavini Gündüz İsmayılov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski və Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Mefodi Əfəndiyev Azərbaycanda mövcud olan multikulturalizm, qarşılıqlı anlaşma və dinlərarası tolerantlıq mühitindən ətraflı danışaraq, həmin ənənələrin artıq ölkəmizdə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Onlar qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü qeyd ediblər.

Sonra nümayəndə heyətinin üzvləri tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.