Boksçumuz Avropa Olimpiya Təsnifat Turnirində 1/8 finala yüksəlib

01:20 16-03-2020 447

Böyük Britaniyanın paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turniri davam edir. 

Boks Federasiyasından HerGun.Az-a verilən məlumata görə, yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub. 

Boksçularımızdan Cavid Çələbiyev (63 kq) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 (29:28, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.  

Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.  

Ondan fərqli, Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb. 

Qeyd edək ki, turnirin üçüncü günündə 4 boksçumuz gücünü yoxlayacaq. Onlardan Rüfət Hüseynovla (52 kq) Lorenzo Sotomayor (69 kq) ilk görüşünə çıxacağı halda, Tayfur Əliyev (57 kq) və Kamran Şahsuvarlı (75 kq) ikinci qarşılaşmasını keçirəcək.