Bir-birimizin ətini yesək də, sümüyünü atmırıq

15:40 16-03-2020 318

Kubra Məhərrəmova yazır...

Bu gün bütün dünya çətinlik, qorxu, təlaşla üz-üzədir. Bir tərəfdən, dünya fond birjalarında “şok” yaşanır, digər tərəfdən FED uçot dərəcələrini aşağı salır, dünyanın ən iri biznes qurumları böyük itkilərlə qarşılaşır. Digər tərəfədən də, deyirlər, Azərbaycana 400 milyard çəyirtkə gəlir.

Koronavirus isə hələ ki, təslim olmaq istəmir və nə qədər ki, imkanı var, bütün dünyanı gəzir. Elə bu səbəbdən də, bəzi ölkələr sərhədlərini tam bağlayıblar, bir hissəsi də qismən. Bəzi şirkətlər uçuşları tam dayandırıblar, digərləri isə hələ davam edir. Və bu proses bütün dünyada baş verir. Evinə gedib çata bilməyənlər, karantində saxlanılanlar - yüz minlərlə insan bu gün bütün dünyada gözləmədədir. Təbii ki, bizim soydaşlarımız da hamı kimi müəyyən çətinliklərlə üzləşir.

Dünən sosial şəbəkədə “Gəzəyənlər” qrupunun üzvləri möhtəşəm kampaniyaya imza atdılar. Dünyanın hər yerində yaşayan azərbaycanlılar (əksəriyyəti də gənclər) qrupda müraciətlə çıxış etdilər. Hər kəs öz yaşadığı şəhəri qeyd edərək, yolda qalan, mənzil başına çata bilməyən soydaşlarını öz evinə dəvət etdi. Bəziləri isə “evim boşdur, gəlin, qalın” deyə, müraciət etdi.

Azərbaycandan kənarda bir Azərbaycan qurdular. Yüzlərlə azərbaycanlı bu çətin günlərdə bir-birinə dəstək oldu. Heç bir dövlətdən, heç bir siyasi hərəkatdan dəstək gözləmədən. Bax, bu əsl vətəndaş cəmiyyəti deməkdir. Özünün nəsə edə biləcəyi halda bunu maksimal dərəcədə etmək. Bu gün həmin insanlar tarix yazdılar. Birlik nümayiş etdirdilər. Özləri öz həmvətənlərinə yiyə durdular. Onların əksəriyyəti xarici ölkələrə tamamilə, ya da qismən köçən adamlardır. Kimsə tələbədir, kimsə müvəqqəti çalışır. Kiminsə evi elə özünə güclə çatır, lakin buna baxmayaraq, bir nəfəri də himayəsinə götürməyi arzu edir. 

Eynilə 20 yanvar hadisələrində olduğu kimi. Çətin günlərdə birləşməyi bacarırıq axı. Bir-birimizin ətini yesək də, sümüyünü atmırıq. 

Siz yenə də bizə gələcəyə ümidlə baxmağa şans verdiniz. İçimizdə olan bir ovuc işığın böyüyəcəyinə inam yaratdınız. Deməli, bütün çətinliklərin öhdəsindən gələcəyik. 

Ordan Azərbaycan balaca görünsə də, sizin sayənizdə Azərbaycanın nə boyda böyük ürəyə sahib olduğunu biz burada anladıq. Kaş ki, hamımız sizin kimi olaq. Deyirəm, bəlkə qayıdasınız Azərbaycana, burda normal vətəndaş cəmiyyəti yaradaq. Sizin kimilərə ehtiyacımız çoxdur! Amma bir az gözləməli olacağıq, bu koronavirus bitsin, gələrsiniz. 

Günün ikinci möhtəşəm xəbəri də odur ki, Azərbaycana 400 milyard çəyirtkə gəlməyəcək.  Əvvəl deyirdilər ki, Afrikadan İraqa gələn və sayları 400 milyarda çatan çəyirtkə dəstəsi Türkiyə sərhədlərinə yaxınlaşır. Ordan da bura gələcəklər. Sonra isə məlum oldu ki, yalandır. Çəyirtkələr üçün Azərbaycan torpağı hələ soyuqdur. Allaha şükür, bundan sovuşduq.