Gədəbəyin dağ kəndlərinə qaz verilib - FOTO

00:18 12-07-2019 638

Gədəbəy rayonunun yaşayış məntəqələrinə təbii qaz verilib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2019-cu ildə ucqar kəndlərin qazlaşdırılması məqsədilə hazırlanmış qazlaşdırma proqramına uyğun olaraq, Gədəbəy rayonunun 8 yaşayış məntəqəsinin mərhələli şəkildə qazlaşdırılması nəzərdə tutulub.

Dağlıq relyef olduğundan texnikanın çətinliklə işlədiyi ərazilərdə, qaz borularının işçilər tərəfindən həmin ərazilərə əlləri ilə daşınması, hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsinə baxmayaraq, görülən işlər nəticəsində cari ilin iyun ayında Gədəbəy rayonunun Yenikənd, Çobankənd və Köhnəqışlaq kəndləri mavi yanacaqla təmin olunub.

2019-cu il iyulun 11-də isə daha üç yaşayış məntəqəsinə - Novoivanovka, Çiçəkli, həmçinin Şahdağ kəndlərinə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb olub.

Bu məqsədlə keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, ümumilikdə 996 fərdi evdən ibarət kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 88 456 metr müxtəlif diametrli polad borularla daşıyıcı, paylayıcı və məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə sayğac, eləcə də fərdi tənzimləyici quraşdırılıb.

Hazırda Gədəbəy rayonunun Qurudərə və Sarıköynək kəndlərində qazlaşdırma işləri aparılır, tezliklə tikinti quraşdırma işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Qeyd olunan bölgədə yerləşən yaşayış məntəqələrinə təbii qazın verilməsi əhalinin həyat şəraitinin yaxşılaşmasına, ekologiyanın qorunmasına xidmət edir və qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “birpilləli” tənzimləmə sistemi tətbiq olunur ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicisindən istifadə etməsinə, eləcə də istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.

Tədbirdə çıxış edən sakinlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Nazir Quliyev