“Neftçi”nin baş məşqçisi: Mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq

01:18 12-07-2019 1037

“Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının birinci təsnifat mərhələsinin “Sperantsa” ilə səfər oyunundan sonra mətbuat konfransında fikirlərini açıqlayıb.

Klub saytının məlumatına görə, italiyalı mütəxəssis həm nəticədən, həm də futbolçuların oyuna yanaşmasından razı qaldığını bildirib: “Əlbəttə, nəticədən çox razıyam. Bundan da çox futbolçuların oyuna yanaşmasından razı qaldm. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər və sonadək bunu göstərdilər. Mənim üçün əsas budur. Artıq mərhələni keçdiyimizi düşünsək, böyük səhv etmiş olarıq. Qarşıda bir həftə var. Bu müddət ərzində cavab oyununa yaxşı hazırlaşmalıyıq”.

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Kimsə asan qələbə qazandığımızı düşünə bilər, amma belə olmadı. Meydanın vəziyyəti də yaxşı deyildi. Futbolçularım tapşırıqları yerinə yetirə bildilər. İlk hissədə rəqib qapımıza cəmi bir zərbə vurdu. Futbolçularımın xarakteristikasına əsasən, hücum futbolu oynatmağa çalışdım. Mənə elə gəlir ki, onlar hər şeyi düzgün yerinə yetirdilər. Rəhman yaxşı futbolçudur, amma oyuna qoşulan digər futbolçuları – Namiki və İsmayılı da qeyd etmək lazımdır. Start heyətində meydana çıxanlar da yaxşı oynadılar. Bizdə yaxşı futbolçu çoxdur, rəqabət güclüdür. Nəticə önəmlidir, amma mənim üçün böyükhesablı qələbədən də vacib olan futbolçuların oyuna yanaşmasıdır ki, buna görə çox şadam. Fiziki formada yaxşı olan belə bir rəqibə qarşı düzgün oynamaq daha önəmli idi. İsmayıl Zülfüqarlı çox yaxşı gənc futbolçudur. Bizdə başqa belə oyunçular da var. Hamısı bizim üçün önəmlidir. Bəli, hesabda 3:0 irəlidə olduğumuz üçün İsmayıla Avropa Liqaısnda debüt etmək imkanı verdim”.