Koronavirus – insanlığı hədələyən gözəgörünməz Robun Hud

13:20 18-03-2020 329

Aqşin Yenisey yazır...

Hər bir epidemiya özündən sonra fərqli bir dünya, fərqli həyat tərzi miras qoyur; təkcə fiziki həyatı deyil, mənəvi həyatı da çalxalayır, alt-üst edir. Epidemiya dünyanın gözəgörünməz quldurların əlinə keçməsidir. Viruslar quldur təbiətlidir. Müasirimiz olan koronavirus da proletar təbiətlidir, quldur məntiqlidir. Onun quldur məntiqi bəzən haqlı da görünür adama; təbiətə, daha sonra kainata ağalıq etmək istəyən insanı evindən çıxmağa qoymayan balaca bir Robun Hud düşünün, məsələn.

Yəqin ki, koronavirus pandemiyası da özünü dünyanın əşrəfi deyil, “patron”u kimi aparan insanlığı yağmalaya bildiyi qədər çapıb-talayandan sonra özündən əvvəlki hansısa yanaşmalara, davranışlara bir dəyişiklik gətirəcək. Məsələn, bəlkə də simvolik olaraq insanları bir-birinə bağlayan əllə görüşmək vərdişi yavaş-yavaş gigiyenik qaydalara daxil olub, bir müddətdən sonra əxlaqi-mənəvi müstəvidə rədd ediləcək, hətta beş-altı feminist, pessimist məsələni hüquqi müstəviyə daşıyıb əllə görüşməyə başqasına fiziki müdaxilə statusu qazandıracaq. 

Yaxud gözlərimizin önündəki bütün səmimi, riyakar öpüşlər erotik, pornoqrafik xəlvətə çəkiləcək. Təyyarələrdə, qatarlarda, ölkələri dolaşan gəmi və avtobuslarda sərnişinlərə məcburi əlcək geyindirəcəklər və s.

Mişel Fuko “Dəliliyin tarixi” əsərində dəliliyi orta əsrlərin əvvəllərindən başlayaraq xaç yürüşlərinə qədər davam edən cüzam epidemiyasının mirası adlandırır və yazır ki, son cüzamlılar axırıncı, kimsəsiz miskinxanalarda sağalanda, yaxud öləndə onların yerini dəlilər tutmuşdu. Avropa cüzamlılardan qurtulub dəlilərin əlində qalmışdı. İndi də şəhərlərdə, kəndlərdə lüt-üryan gəzib dolaşan, insanlara hücum edən dəlilərdən xilas olmağın yollarını axtarırdı. Və dəlilərdən qurtulmağın yeganə yolu onları gəmilərə mindirib uzaq torpaqlarda azdırmaq idi. Fuko yazır ki, hətta azdırılan dəlilərdən pişik kimi geriyə - öz məhəlləsinə, kəndinə geri qayıdanlar da olurdu. 

Cüzam xofu Avropanı dəli etmişdi. 

Günümüzün pandemiyası sayılan koronavirusdan müalicə olunmaq üçün Çində, daha sonra Rusiyada tez-tələsik tikilən xəstəxanalar kimi, cüzam illərində də Avropanın bütün şəhərlərinin ətrafında cüzama yoluxmuş xəstələrin tənhalığa məhkum edildiyi miskinxanalar tikilirdi. Fuko bu miskinxanaların sayının xristian dünyasında 19000 civarında olduğunu qeyd edir.

Bəs cüzam özündən sonra Avropanı və dolayı yolla dünyanı necə dəyişdirdi? Araşdırmalar sübut edir ki, Avropada orta əsrlərdə cüzamlı xəstələri sağaltmaq üçün tikilən bu miskinxanalar qitə tibbinin inkişafının təməlini qoydu. Həmin miskinxanalarda cüzamlı xəstələrin müalicəsi ilə məşğul olan həkimlər xəstə insanlar üzərində apardıqları elmi müşahidələri tibbi biliklərə çevirdilər. Hətta cüzamdan miras qalan dəlilər də İntibah dövrünün həkimləri üçün “laboratoriya siçanları” idilər, onlar üzərində aparılan araşdırmalar psixologiya və psixiatriyanın inkişafını təmin etdi.

Cüzam Avropanın dini inancını hasarlayıb ot-ələfin ixtiyarına verdiyi ağlı təmizlədi. Cüzam gedərkən Avropaya modern tibb bağışladı! 

Bu yazını yazarkən mediada dünya üzrə iki yüz mindən artıq insanın koronavirusa yoluxduğu, onlardan yeddi mindən artığının öldüyü xəbərləri dolaşırdı. Ölümü rəqəmlərlə şəkilləndirib onun o biri dünya səadətinə açılan qapı olduğu gözəlliyini qorxulu kabusa çevirən statistika ilə yanaşı, insanlar təşvişə düşməsin deyə, yoluxucu xəstəliyi gülüş hədəfinə çevirən karikaturalar, ölüm xəbərlərinə qol götürüb oynayan optmistlərin əks olunduğu, eyni zamanda virusdan deyil, aclıqdan öləcəklərini düşünən pessimistlərin marketləri yağmaladığı şəkillər gündəmin şam ağacında bərq vururdu.

Artıq dünya koronavirus reallığı ilə barışmış kimidir. Hər gün indiyə qədərki epidemiyalardan aldığı dərsləri, epidemiya xatirələrini insanlığın yadına salan tarixi faktlar arxivlərdən çıxarılıb canlandırılır. Media mumiyaları yenidən dirildir. Epidemioloji nostalgiyaya qapılanlar belə var. Həmin yazılardan birini bu günlərdə “Washington Post” qəzetinin hind mənşəli köşə yazarı İşan Tarur yazdı. “Epidemiyalar dünyanı necə dəyişdirdi?” adlı məqaləsində Tarur çalışır ki, diqqəti pandemiyaların insanlığın həyatına qatdığı faydalara cəlb etsin. Onun epidemiyalarla bağlı sadaladığı tarixi faktların bir neçəsinə öz əlavələrimizi edək ki, oxucularımız dünyadan bixəbər qalmasınlar.

Məsələn, VI əsrdə başlayan və təxminən dörd əsr davam edən epidemiya, nəhayət, Roma imperiyasının parçalanmasına, beləliklə, Şərqin Qərbdən ayrılmasına yol açdı. Bir-birinə “sən yoluna, mən yoluma” deyən ortodoks və katolik kilsələri günümüzün Şərq-Qərb ayrıseçkiliyinin əsasını qoydu. Şərq nüfuzu (İsanı), Qərb prioriteti (dini prinsipləri) seçdi. Bununla da, yaşayacağımız dünyanın mənəvi maketi hazırlanmış oldu. Həmin ayrıseçkilikdən Şərqdə şəxsiyyətə əsaslanan avtoritar sistemlər, Qərbdə isə dəyərlərə əsaslanan demokratik sistemlər yarandı. 

Ədəbiyyatçılar Şekspirə ingilis dilinin xilaskarı və hətta yaradıcısı kimi baxırlar. Halbuki, Tarur öz yazısında ingilis dilini ölümdən xilas edənin Şekspir deyil, XIV əsrdə Avropaya yayılan, “Black Death” (qara ölüm) deyilən məşhur vəba epidemiyası olduğunu yazır. Bu epidemiyadan əvvəl “qoca ada”ya fransızdilli normanlar gəlmiş və adanı işğal edərək burada Norman aristokratiyasının hökmranlığını yaratmışdılar. Hakim elita fransız dilində danışdığı üçün İngiltərənin rəsmi dili fransız dili idi. Dini burjua isə latinca danışırdı. İngilis dili yalnız ucqarlara və kəndlərə sıxışdırılmış yoxsul ingilis kəndlilərinin ünsiyyət vasitəsi səviyyəsinə enmişdi. Necə ki, ruslar bizim dili şöhrətləndirdikləri şair və yazıçılarımızın “köməyi” ilə məişətə sıxışdırırdı.

“Qara ölüm” yayılanda şəhərlərdə yaşayan fransızdilli elitaya və latındilli dini təbəqəyə fiziki olaraq daha çox zərər yetirdi. Bir milyona yaxın “bərkgedən” aristokrat və din xadimi öldu. Kəndlərdə yaşayan sağlam ingilis xalqı isə sağ qaldı və artıb çoxaldı, eyni zamanda kəndli dili olan ingilis dilində danışanların sayı artdı. Zaman keçdi və sənaye inqilabından sonra bütün dünya anladı ki, bu “kəndli dilini”, yəni ingiliscəni öyrənməsə, gələcəyə baxmaq onun üçün çətin olacaq. Çünki sənaye inqilabı zamanı dünyanın gələcəyə baxan gözləri İngilətərədə idi və bu gözlər gördüklərini ingiliscə danışır, yazırdı. Qeyd edək ki, vəbanı Avropaya Çingiz xanın əsgərləri aparmışdı. İndi də Çin iddia edir ki, koronavirusu Çinə ABŞ əsgərləri gətirib.

Bizim çağı bürüyən koronavirus pandemiyasından ən çox zərər görən ölkələrdən biri İtaliyadır. Epidemiyalar zamanı ən çox eşitdiyimiz “karantin” kəlməsi də italyancadır və XVII əsrdə yenə İtaliyada yayılan bir epidemiyanın dünya dillərinə mirasıdır. Həmin illərdə İtaliyanın liman şəhəri olan indiki Dubrovnikdə gəmi ilə gələn sərnişinləri və heyvanları 40 gün qapalı bir yerdə saxlayırmışlar ki, virusa yoluxmuş olanlar ya ölsünlər, ya da müalicə olunsunlar. Həmin qapalı müddətə italyanca “quarantino” deyirmişlər. Sonradan bu sözü hər yeni yayılan epidemiya bir az təhrif edərək “karantin” halına salıb.

Özlərini virusdan ölənlərin yerində təsəvvür etməyən bəzi əxlaqçılar epidemiyaların insanlığa güzgü tutduğunu, insanlar arasında əxlaqi vəziyyətin nə yerdə olduğunu çılpaqlığı ilə göstərdiyini söyləyirlər. Hətta fransızların və ingilislərin XIX əsrdə sürətlə çoxaldığını görən və bunun Birinci Dünya müharibəsinə hazırlaşan Almaniya üçün təhlükə olduğunu düşünən Tomas Maltus qonşu xalqları doğub-törəməkdən çəkindirmək üçün qidanın ədədi, əhalinin həndəsi silsilə ilə çoxaldığını, buna görə də, tarixdə müharibə və epidemiya kimi fəlakətlərə zərurət yaranacağını deyirdi. Maltusa görə, epidemiya olmasa, belə əhali artımının qarşısını almaq üçün onu yaratmaq lazım gələcəkdi.

Bu gün də koronovirusun dünyaya təsiri haqqında danışanlar var. Məsələn, bu günlərdə CNN-ə müsahibəsində “Homo Deus” və “Heyvanlardan Tanrılara: Homo Sapiens” kimi məşhur kitabların müəllifi, dünya şöhrətli yəhudi tarixçi Yuval Harari “bu əsrin ən qorxunc xəstəliyi” adlandırdığı koronavirusun totalitar rejimləri gücləndirə biləcəyini söylədi. Belə ki, koronavirusa qarşı alınan inzibati tədbirlər nəticəsində total nəzarətin faydasını görən əhali koronavirusdan sonra totalitarizmin güvənli bir sistem olduğu fikrinə qapıla bilər, bu da müxtəlif coğrafiyalarda ekstratotalitar rejimlərin yaranmasına gətirib çıxarar. Harari belə deyir və qeyd edir ki, koronavirus pandemiyası dövründə xəstələrə tətbiq olunan məcburi yoxlamalar daha sonra “epidemiyalardan qoruma” adı altında dava edə və bununla da, insanlar bütün gizliliklərini itirə bilərlər.

Anlaşılan budur ki, insanlıq epidemiya ilə yanaşı, epidemiyanın sonrasına da hazır olmalıdır!