Azərbaycan Premyer Liqasında daha iki tur təxirə salındı

14:20 18-03-2020 437

Azərbaycanın futbol çempionatlarının təxirə salınma müddəti uzadılıb.

HerGun.Az xəbər verir ki, 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimlə Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə qadağa qoyulub. 

Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən operativ qərargahın göstərişini rəhbər tutaraq, I Divizion və Premyer Liqanın 14 aprel tarixinə qədər bərpa olunmayacağı açıqlanıb. Əgər 14 aprel tarixində tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası (PFL) klubların baş məşqçiləri ilə görüş keçirib, ümumi vəziyyəti müzakirə edəcək və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacaq.

Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılacağını bildirib. PFL hesab edir ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.

Onu da bildirək ki, PFL martın 13-də Premyer Liqanın XXI və XXII, I Divizionun XX turlarının təxirə salındığını bildirmişdi. Son qərardan sonra isə Premyer Liqanın iki yox, dörd (XXIII və XXIV turlar da), I Divizionun isə bir yox, üç turu (XXI və XXII turlar da) təxirə salınmış oldu. 

Səbuhi Musayev