Azərbaycanda bu şirkət koronavirusla mübarizəyə beş milyon manat ayırdı

16:20 21-03-2020 349

“NEQSOL Holding” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna holdinqin tərkibində olan şirkətlər tərəfindən ümumilikdə beş milyon manat məbləğində vəsaitin ayrılmasına dair qərar verib.

Buna əlavə olaraq, holdinqə daxil olan şirkət tərəfindən koronavirusa yoluxmanı yerindəcə müəyyən etməyə imkan verən 3000 ədəd ekspres-testlər, eləcə də süni tənəffüs aparatları və binaların girişində quraşdırılma məqsədilə insanların bədən hərarətini məsafədən ölçən xüsusi keçid-buraxılış avadanlıqları sifariş edilib və Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən edilməklə aidiyyatı yerlərə təqdim edilməsi nəzərdə tutulub.

Operativ qərargahın təlimatlarına uyğun olaraq, “NEQSOL Holding” və tərkibində olan şirkətlər korporativ sosial məsuliyyət strategiyalarına əsasən, koronavirusla mübarizə və xəstəliyin yayılmasının qarşısının alınması üçün fevral ayının sonlarından başlayaraq müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər.

İşçi heyətinin, müştərilərin və tərəfdaşların təhlükəsizliyinə yüksək önəm verən “NEQSOL Holding”də və tərkibində olan şirkətlərdə bir sıra tədbirlər həyata keçirilib, o cümlədən işçi heyət və müştərilər arasında ofislərdə, istehsal sahələrində və xidmət mərkəzlərində məlumatlandırma və maarifləndirmə işləri həyata keçirilib, yazılı və audio-video formatında təlimatlar hazırlanıb, “Qaynar Xətt” əlaqə mərkəzi yaradılıb.

İşçi heyətin böyük hissəsi “evdən iş” rejiminə keçirilib, bunun üçün zəruri imkanlar və onlayn həllər təqdim edilib, yaşlı insanlar üçün əlavə imkanlar yaradılıb, tədbirlər və iclaslar onlayn rejimə keçirilib, tikinti sahələrində işlər müvəqqəti dayandırılıb.

Evdən işləməsi mümkün olmayan işçi heyətin, eləcə də müştərilərin təhlükəsizliyi üçün:

- ofislər, istehsal sahələri, müştəri xidməti mərkəzləri və nəqliyyat vasitələri mütəmadi dezinfeksiya edilib, dezinfeksiya vasitələri ilə təchiz edilib və işçilərə tibbi maskalar paylanılıb;

- iş yerləri xüsusi təmassız termometrlərlə təchiz olunub və girişdə işçilərin temperaturunun ölçülməsi təmin edilib;

- xüsusi rejimlə işləyən işçilər üçün mətbəxlərdə qida rasionu immunitet gücləndirici qidalarla zənginləşdirilib;

- bir sıra hallarda iş saatları qısaldılıb, işçilər üçün nəqliyyat vasitələri təşkil edilib, “2 metr məsafə” qaydası tətbiq edilib və s.

Müştərilərə onlayn və distant xidmətlərdən istifadə tövsiyə edilib, həmçinin mobil rabitə sahəsində abunəçilərə:

- mobil tətbiqetməsindən və 24 saat fəaliyyət göstərən əlaqə mərkəzinin xidmətlərindən istifadə tövsiyə edilib;

- Əlaqə Mərkəzi gücləndirilmiş rejimdə fəaliyyət göstərir;

- Abunəçilər üçün “TƏBİB”in 1542 “Qaynar xətt” nömrəsinə zənglər tamamilə pulsuz edilib;

- “NEQSOL Holding” və tərkibində olan şirkətlər ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirlərini davam etdirəcək.

“NEQSOL Holding” bütün əməkdaşlarına, müştərilərinə və tərəfdaşlarına müraciət edərək, Nazirlər Kabineti yanında operativ qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, hamını koronavirusla mübarizə üçün imkanlarını səfərbər edərək birləşməyə çağırır. “NEQSOL Holding” hər kəsi özünün və ətrafında olan insanların, xüsusilə yaşlı insanların qayğısına qalmağa çağırır.