Ekspert: Ermənistan KTMT üçün həddən artıq etibarsızdır

11:54 12-07-2019 868

Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçilərin statusu və təşkilatda təmsilçi ölkələrin səlahiyyətlərinin dəqiqləşdirilməsi haqqında qanun layihələri zərfini ratifikasiya edilməsi üçün Dövlət Dumasına təqdim edib. Bu barədə daha əvvəl “RİA Novosti” məlumat yaymışdı. Bu mövzu Ermənistan üçün ənənəvi olaraq ağrılıdır və erməni ekspertlər birliyinin dərhal reaksiya verməsi də bunu göstərdi.

Analitik Alla Aydiyan Yerevanın “Aysor” nəşrinə bildirib ki, son illər Azərbaycanın KTMT-də müşahidəçi statusu alması imkanı barədə çox danışılıb:

“Ermənistan XİN bəyan etmişdi ki, Azərbaycanın KTMT-yə qəbul edilməsini bloklayacaq”.

Onun sözlərinə görə, geosiyasi və geostrateji reallıqlar dəyişdikcə müxtəlif ölkə və strukturların maraqları da dəyişir:

“Ermənistan KTMT-də Azərbaycana müşahidəçi statusunun verilməsi ilə bağlı bütün imkanları nəzərdən keçirməlidir”.

Analitikin fikrincə, KTMT-nin bəzi ölkə başçıları Azərbaycanla daha yaxın və sıx institusional əməkdaşlığa maraq göstərirlər:

“Buna görə də Ermənistan hakimiyyəti son illər bir neçə səhvə yol verdiyi hərbi-siyasi blokda öz maraqlarını qorumalıdır”.

Belarusun tanınmış hərbi-siyasi analitiki Aleksandr Tixanski mövzu ilə bağlı Media.az-a danışıb.

Onun sözlərinə görə, KTMT-nin erməni baş katibi Yuri Xaçaturovun həbsindən sonra baş verənlər Rusiya-Ermənistan münasibətlərində dərin iz buraxıb:

“Təşkilatın nüfuzuna ciddi xələl yetirilib. Yeni baş katiblə bağlı yarımillik mübahisə və Ermənistanın bu vəzifəyə öz nümayəndəsini yenidən gətirmək cəhdləri də hədər getməyib: Ermənistan özünü KTMT-nin etibarsız və həddən artıq iddialı üzvü kimi göstərdi. Hazırda təşkilatın baş katibi üzrə mübahisələr sadə yolla həll edilib – növbəti kadensiyayadək bu post boş qalacaq, səlahiyyətlərini isə müvəqqəti olaraq Rusiya nümayəndəsi Valeri Semerikov icra edəcək”.

- KTMT ölkələri normativ-hüquqi bazaya dəyişiklikləri təsdiqləməyi planlaşdırır. Dəyişikliklər təşkilatın müşahidəçilər və tərəfdaşlar institutunu işə salmağı nəzərdə tutur. Hesab edilir ki, bu, KTMT-nin fəaliyyət coğrafiyasını genişləndirməyə imkan verəcək. Ermənistan bundan narahatdırmı? Axı Bakı müşahidəçi statusunu alsa, KTMT-yə əlavə təsir vasitəsi əldə edə bilər.

- KTMT-nin 2018-ci ildə keçirilmiş sammitində bu məsələyə (müşahidəçi statusu – red.) baxılmalı idi. Məhz həmin vaxt Ermənistan təşkilatın yeni katibi, eləcə də KTMT-nin müşahidəçilər və tərəfdaşlar haqqında məsələsini korlayıb. İndiki şəraitdə Belarus və Azərbaycan Ermənistanın mövqeyini dəyişmək üçün gərgin iş aparır.

- KTMT ölkələrindən Azərbaycana silah tədarükü xüsusi məsələdir. Belarus Prezidenti Aleksandr Lukaşenko iyulun əvvəlində Baş nazir Nikol Paşinyanla apardığı telefon danışığının bəzi detalları barədə erməni həmkarı Armen Sarkisyanı agah edib. “Sputnik Ermənistan” nəşrinin bununla bağlı xülasə edilmiş fikri qəribədir – Belarus Prezidenti Ermənistanın Baş naziri ilə söhbəti barədə Ermənistan Prezidentini məlumatlandırır. Üstəlik, Paşinyan Prezident Sarkisyana salam göndərməyi xahiş edib. Lakin Aleksandr Lukaşenkonun sözlərinə görə, o, bir qaydaya əməl edir: “Dostluq dostluqdur, dövlətlərin hamısı isə ayrıdır”. Çox güman ki, Lukaşenko bununla Belarusun Azərbaycana “Polonez”ləri tədarük etməsi ilə bağlı hansısa siyasi müqavimətlərə reaksiya verə bilərdi. Yerevanda hesab edirlər ki, bu cür tədarüklər KTMT çərçivəsində əməkdaşlığa ziddir. Siz necə düşünürsünüz?

- Belarus Prezidenti KTMT çərçivəsində növbəti görüş haqqında Belarusa səfər etmiş Azərbaycanın Müdafiə nazirini məlumatlandıranda qalmaqal yaratmışdı. Bu, Bakının təşkilatda müşahidəçi statusunda tədricən siyasi inteqrasiyası üçün edilib. Məhz bu, Yerevanda qızğın emosiyaya səbəb olub.

Silaha gəlincə, KTMT-nin nizamnaməsində təşkilata üzv omayan üçüncü ölkələrlə hərbi-texniki əməkdaşlığı qadağan edən müddəa yoxdur. Azərbaycan və Ermənistanın silahlı qüvvələri arasında qüvvə və vasitələrin hərbi balansının yaradılması KTMT-nin bütün üzvlərinin marağına cavab verir.