Azərbaycan çempionu karantinə alındı

15:40 25-03-2020 529

“Mən Çinə təhlükəsiz şəkildə gəldim və indi 14 günlük karantindəyəm”.

HerGun.Az xəbər verir ki, bunu “Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu deyib.

Cənubi Afrika Respublikasından olan hücumçu cümə günü Yohannesburq şəhərindən oynadığı Çinə gedib. Orada Şençen şəhərindən komandasının məskunlaşdığı Xançouya uçub.

İdmançı xaricdən gəldiyi üçün Çində karantinə alınıb. 30 yaşlı futbolçu səfəri barədə bunları deyib:

“Səfərim qaydasında keçdi, amma bir az qorxmuşdum. Çünki mən Şençen şəhərinə gələndə testdən keçməli olduğum üçün ilk uçuşum ləğv edilmişdi.

Hava limanında bir anketi doldurmalı və suallara cavab verməli idim. Aeroportda hamı maska taxmışdı və adamların çoxu əlcək geyinmişdi. Fikrimcə, Çində bu virusa və onun qarşısını almağa dair hər şeyi öyrəniblər.

Aprelin 3-də evimdən çıxıb komandamla birgə məşqlərə başlayacağam”.

Qeyd edək ki, Dino Ndlovu 2016-2017-ci illərdə “Qarabağ”da çıxış edib. O, bu klubla Azərbaycan çempionu olub, ölkə kubokunu qazanıb. Azərbaycanda 53 oyuna 21 qol vurmuş Ndlovu ilk və hələ ki son dəfə çıxış etdiyi Çempionlar Liqasının qrup mərhələsində Ağdam komandasına kömək edib.

Səbuhi Musayev