Ehtiyatda olan polkovnik: “Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlərdən xilas olmayacaq”

20:40 25-03-2020 552

Son günlərdə Ermənistan ordusu atəşkəs rejimini kobud surətdə pozmaqla təxribat törətməyə cəhd göstərsə də, ordumuzun ön xətdəki bölmələri tərəfindən layiqli cavabını alıb.

Vəziyyəti şərh edən ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə bildirib ki, hadisələr Azərbaycan Ordusunun döyüş növbəsində ayıq-sayıq dayandığını, düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə almağa hazır olduğunu bir daha nümayiş etdirir:

“Heç kəsə sirr deyil ki, Azərbaycan ordusu Ermənistan ordusundan qat-qat güclüdür və bunu beynəlxalq hərbi ekspertlərin tərtib etdiyi reytinq siyahıları da sübut edir.

Ermənistanda son zamanlar baş verən siyasi və hərbi hadisələri izləyərkən görürük ki, populist şüarlarla hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyan möcüzə gözləyən kütlələrin etimadını doğrultmadı və o, yerli əhali arasında nüfuzunu getdikcə itirir.

Bu ölkədə iqtisadi problemlər getdikcə dərinləşməkdədir. Ermənistan ordusuna gəlincə, deməliyəm ki, hərbi hissələrdə nizamnamədən kənar münasibətlər nəticəsində hadisə və cinayətlər, ölüm, fərarilik halları baş alıb gedir. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərimizdə yerləşən bölmələrində xidmət şəraiti acınacaqlı olaraq qalır. Təbii ki, bu proseslər döyüş qabiliyyətinin aşağı olmasını göstərən amillərdir.

Onu da əlavə etmək lazımdır ki, bu ölkədə koronavirus infeksiyası sürətlə yayılmaqda və nəzarətdən çıxma təhlükəsi artmaqdadır. Bütün bunlara görə yerli ekspertlər həyəcan təbili çalır, vəziyyəti ciddi böhran kimi dəyərləndirir, eyni zamanda, Paşinyan rejiminin ciddi imtahan qarşısında olduğunu söyləyirlər. Əgər hakimiyyət bu imtahandan çıxa bilməsə, əhalini ciddi sınaqlar gözləyir. Hadisələrin gedişi göstərir ki, populist rejim bu sınaqlardan çıxmağa hazır deyil.

Ermənistanda vəziyyətin mürəkkəbliyini baş nazir də dərk edir. Ona görə, təmas xəttində təxribat cəhdi Ermənistanın ağır günlərində yerli əhalinin diqqətini ölkədaxili problemlərdən yayındırmağa hesablanıb. Hərbi-siyasi rejim koronavirus infeksiyasının tüğyan etdiyi Ermənistanda əhalini sakitləşdirmək, iqtisadi böhrandan diqqəti yayındırmaq üçün cəbhə xəttində uğursuz cəhdlərə əl atır.

Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan torpaqlarının işğalı Yerevan üçün ağır yükə çevrilib və bu “ballastdan” azad olmayınca, işğal edilmiş əraziləri tərk etməyincə, bir sözlə, Azərbaycanla münasibətləri nizamlamayınca Ermənistan problemlər məngənəsindən xilas olmayacaq”.