Elmar Məmmədyarov: “Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”

10:20 27-03-2020 425

“Koronavirus pandemiyası ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşları ilə daimi əlaqə saxlayırıq”.

HerGun.Az-ın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov Nazirlər Kabineti yanında operativ qərargahın ötən gün keçirilən iclasında bildirib.

E.Məmmədyarov deyib ki, Xarici İşlər Nazirliyi (XİN) tərəfindən Azərbaycanın xarici ölkələrdəki bütün səfirliklərinə və diplomatik nümayəndəliklərinə xüsusi tapşırıqlar verilib.

“Bildirilib ki, hamı ilə bir-bir danışsınlar, nə qədər imkan varsa, insanlar evlərində qalsınlar. Çünki onlar virusun daşıyıcısı ola bilərlər. Nə qədər imkan varsa, yaşadıqları yerlərdə qalsınlar. Onsuz da bura gələndə karantinə alınacaqlar, elə orada qalsınlar”, - deyə nazir qeyd edib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, son günlər 400 nəfərə yaxın Azərbaycan vətəndaşı ölkəyə gətirilib:

“Yaxın günlərdə müəyyən olunmuş qrafiklərlə bu qədər vətəndaşın da ölkəmizə gətirilməsi üzrə işlər aparılır”.

İlhamə Əbülfət