Baş Prokurorluqdan Zahid Orucun ittihamlarına - CAVAB

17:18 12-07-2019 64

Baş Prokurorluq Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, deputat Zahid Orucun Gəncə hadisələrinə görə həbs olunan Aydın Qurbanovun ölümü barədə gec məlumat verilməsi ilə bağlı ittihamlarına cavab verib.

Baş Prokurorluqdan bildirilib ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə müəssisəsində xəstəliyi ilə əlaqədar müalicə almış təqsirləndirilən şəxs - Aydın Qurbanov intensiv müalicə aparılmasına baxmayaraq, iyulun 9-da saat 21:50-də vəfat edib. Bu barədə Nizami rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluğun müstəntiqi mərhumun müalicə aldığı palata və meyitə məhkəmə-tibb ekspertləri, müalicə müəssisəsinin nümayəndələri və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

A.Qurbanovun meyiti ölümün səbəblərinin müəyyən edilməsi məqsədilə iyulun 10-da saat 00:20-də Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nizami rayon şöbəsinə yerləşdirilib. Həmin gün saat 10 radələrində məhkəmə-tibb ekspertləri tərəfindən mərhumun bacısı oğlu - 1988-ci il təvəllüdlü Suliddin Bayramovun iştirakı ilə meyitin xarici müayinəsi keçirilib. Tibbi müayinə zamanı meyitin bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib. Bundan sonra həmin gün saat 13:30-da meyit mərhumun həyat yoldaşı və qohumlarına təqdim olunub.

Məhkəmə-tibbi ekspertizasının A.Qurbanovun xəstəlikdən vəfat etməsi barədə ilkin rəyi iyulun 11-də saat 10:30 radələrində prokurorluğa daxil olub və saat 12 radələrində Baş Prokurorluq və Penitensiar Xidmət tərəfindən ictimaiyyətə geniş məlumat verilib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc üç ay ərzində dövlət qurumlarının informasiya siyasətini təftiş etdiyini, bu siyasətin düzgün qurulmalı olduğunu bildirib.

Buna misal kimi Gəncə hadisələrinə görə həbs olunan A.Qurbanovun ölümünə toxunan deputat qeyd edib: “Baş Prokurorluq, Penitensiar Xidmət məhbus öləndən üç gün sonra açıqlama verdilər. Bu, düzgün yanaşma deyil”.

İlhamə Əbülfət