ADNSU-da müəllimlərə verilmiş pul mükafatı geri alınıb? - AÇIQLAMA

17:00 31-03-2020 369

Sosial şəbəkələrdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Novruz Bayramı ilə əlaqədar təhsil müəssisəsinin əməkdaşlarına verilmiş birdəfəlik maddi yardımın geri alınması iddiası yer alıb.

İddialara görə, ADNSU-nun rektoru Mustafa Babanlının göstərişi ilə əməkdaşlara, ümumilikdə, 145 min manat vəsait ayrılıb, pul onların maaş kartlarına köçürülüb. Pul mükafatları ödənildikdən sonra rəhbərlik həmin vəsaiti nağd formada əməkdaşlardan geri tələb edib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov HerGun.Az-a açıqlamasında bildirib ki, hər il əməkdaşlara pul mükafatı verilir:

“Hər semestrin sonunda olduğu kimi, bu tədris ilinin I semestri tamamlandıqdan sonra universitetin 138 nəfər əməkdaşına tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədovun təqdimatı ilə pul mükafatı verilib. Onlardan heç bir məbləğ geri alınmayıb”.

“Qasım Məmmədov hazırda iş başındadır və karantin şəraitində tədris prosesinin onlayn formada həyata keçirilməyə başlaması ilə əlaqədar məsələlərin həlli ilə məşğuldur”, - deyə B.Nəzərov qeyd edib.

İlhamə Əbülfət