Məşhur pəhrizlərin təsir müddəti hesablandı

04:40 05-04-2020 565

ABŞ, Çin və Kanadadan olan alimlər qrupunun apardığı tədqiqat nəticəsində məlum olub ki, arıqlamaq üçün olan məşhur pəhrizlər bir il sonra öz effektivliyini itirir.

Araşdırmanın nəticəsi “The BMJ” portalında yerləşdirilib.

Ekspertlər 14 məşhur pəhrizi (“Atkins, “Orniş”, “Zon”, “Aralıq dənizi”, DASH-pəhriz və s.) gözləyən 21 942 nəfərin iştirak etdiyi 121 elmi tədqiqatı təhlil ediblər. 

Araşdırmalar zamanı pəhrizin maddələr mübadiləsinə, ürək və qan damarlarının işinə cavabdeh olan  qan təzyiqinə, yüksək və aşağı sıxlıqlı lipoproteinlərin konsentrasiyasına, qan plazmasının C-reaktiv zülalına və digər parametrlərə təsiri öyrənilib.

Bildirilir ki, qida proqramına 12 ay riayət edildikdən sonra çəkinin azalması dayanıb və “Aralıq dənizi” istisna olmaqla, pəhrizlərin əksəriyyətinin ürək-damar sisteminin parametrlərinə əlverişli təsiri itib.

Hesabatın müəllifləri qeyd ediblər ki, bu qidalanma proqramları arasında fərq çox cüzidir. Ona görə də insanlar pəhrizə riayət edərkən əldə edilmiş nəticənin saxlanılmasına daha çox diqqət yetirməlidirlər.