Azər Maqsudov: “Metil spirti ilə zəhərlənmədən səkkiz nəfər vəfat edib”

14:40 08-04-2020 325

“Ötən ay ilə müqayisədə mart ayında, ümumilikdə, toksikoloji mərkəzə müraciətlərin sayında azalma müşahidə olunur”.

Bu barədə HerGun.Az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

O bildirib ki, ümumiyyətlə, mart ayı və aprelin ilk həftəsi üçün metil spirtindən zəhərlənmə ilə bağlı müraciətlər üstünlük təşkil edib:

“Metil spirtindən zəhərlənmə ilə bağlı mərkəzə 13 nəfər müraciət edib, onlardan səkkizi vəfat edib. Dəm qazından zəhərlənmələrin sayı 11 olub. Onlardan cəmi üçü xəstəxanaya qəbul olunub, digər səkkiz nəfər isə müayinədən sonra evə buraxılıb.

Sirkə turşusundan zəhərlənmə ilə üç nəfər, allergik reaksiya ilə altı nəfər xəstəxanaya qəbul olunub. Bu faktlarla bağlı ölüm qeydə alınmayıb. Ötən ayla müqayisədə müraciətlərin sayında azalma qeydə alınıb”.

Könüll Cəfərli