Lamiyə Quliyevanın keçmiş nişanlısı həbsxana rəhbərliyini məhkəməyə verib

12:40 11-04-2020 820

Şəmkirin keçmiş icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş mərhum Aslan Aslanovun oğlunun qətlində ittiham olunan Vüqar Əliyev Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan həbsxanasının rəhbərliyini məhkəməyə verib.

HerGun.Az xəbər verir ki, o, barəsində çıxarılan qərarın ləğv edilməsini istəyir. 

Qərarın nədən ibarət olduğu açıqlanmayıb. Lakin məhkəmə iddianı mümkünsüz hesab edib.

Qərardaddan narazı qalan V.Əliyev Bakı Apelyasiya Məhkəməsinə müraciət ünvanlayıb. İş hazırda həmin məhkəmədə araşdırılır.

Qeyd edək ki, Şəmkirin keçmiş icra başıçısı, sonralar isə kənd təsərrüfatı nazirinin müavini olmuş A.Aslanovun oğlunun qətlinə görə, V.Əliyev və Lamiyə Quliyeva həbs olunublar.

Xatırladaq ki, L.Quliyeva və V.Əliyev nişanlı olublar. Onlar 2003-cü ildə Şəmkirin o dövrdə icra başıçısı olmuş A.Aslanovun oğlu Ruslan Aslanovun qətlində ittiham ediliblər. İddialara görə, Ruslan Lamiyəni zorladığına görə qətlə yetirilib.

Lamiyənin qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, iki il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb. Daha sonra o, azadlığa buraxılıb.

L.Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da uşaq dünyaya gətirib.

Lamiyənin eks-nişanlısı Vüqar isə həbsxanada başqa qadınla ailə qurub. O, Qobustandakı cəzaçəkmə müəssisəsində ömürlük cəza çəkir.

V.Əliyev Cinayət Məcəlləsinin 120.2.1, 120.2.3, 120.2.4, 152, 170.3, 177.2.1, 228.4-cü maddələri ilə təqsirli bilinib, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 22 dekabr 2003-cü il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.