Əlillərə qulluq edən şəxslərə təqaüd necə ödəniləcək? - QAYDA

10:00 14-07-2019 582

Nazirlər Kabineti “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nı təsdiq edib.

Qaydaya əsasən, təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə verilir.

2019-cu il aprelin 1-dək əmək pensiyası almaq hüququ yaranan, lakin pensiya təyin edilməsi üçün, 2019-cu il aprelin 1-dən sonra müraciət edən şəxslərə münasibətdə həmin il aprelin 1-dək əmək pensiyalarının sığorta hissəsinin üzərinə qulluq üçün əlavə ödənilir, aprelin 1-dən sonra isə qulluq üçün sığorta hissəsinə əlavə əvəzinə onlara qulluq edən şəxsə təqaüd verilir.

Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda, onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə ödənilir.

Bir nəfər I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir.

Qeyd edək ki, Prezident təqaüdünün aylıq məbləği 50 manat təşkil edir.