Brilliant Dadaşova formada qalmağının sirrini bölüşdü: “…hər şey yeyirəm” - FOTO

13:00 19-04-2020 453

“Oğlum Cahidin bir neçə həftə öncə təqdim etdiyi abituriyentlər üçün nəzərdə tutulan online dərs vəsaitinə küllü miqdarda pul xərclədim. Oğlumun çoxdanki arzusunu reallaşdırdım. Yaxşı ki, birlikdə bu layihəni həyata keçirdik. İndi onun həvəsi ilə yaşayıram. Amma məyusam, çünki son zamanlar ancaq kartofdan, yeməkdən, qarnımızdan danışırıq. Təhsil keçib ikinci plana. Hamı qışqır-bağır salıb, yeməkdən danışır. Amma ümid edirəm ki, gələcəkdə gənclər Cahidin bu layihəsindən bəhrələnib ali məktəblərə qəbul olacaqlar”.

HerGun.Az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Bəhram Bağırzadənin “İnstagram” hesabında açdığı canlı efirinin qonağı olan zaman deyib.

Sənətçi hamının tez-tez ona ünvanladığı “Hansı yollarla arıq və formada qalırsız?” sualına aydınlıq gətirib:

“Mən saat 15:00-dan sonra qida qəbul etmirəm. Amma bu rejimə dərhal oturmaq asan deyil. Öncə gərək 20:00-dan sonra yeməyəsən və tədricən iki-üç saat bu zamanı artırasan. Ondan sonra ümumiyyətlə yemək istəməyəcəksən. Belə olan halda isə mədə kiçilir və artıq nəsə yemək istəmirsən. Fikirləşirəm ki, bütün xəstəliklərin (şəkər, təzyiq) səbəbi yeməkdəndir. Yeməyəndə insana heç nə olmur. Oğlum düz 20 saat ac qalır. Səhərdən başlayaraq saat 15:00-a kimi hər şey yeyirəm. Səhər yeməyini saat 09:00-11:00 arasında qəbul edirəm. Soyuducumda qatıq, göyərti və yaşıl alma var. Nə qədər onun içini ərzaqlarla dolu saxlasanız, bir o qədər çox yeyəcəksiniz”.

Xalq artisti söhbət əsnasında un məmulatlarının, xüsusən də çörəyin insan orqanizminə vurduğu ziyanlarından danışıb:

“Qarnı üçün vuruşan insanları heç zaman başa düşməmişəm. Nəfsimizə yiyə durmalıyıq. İnsan gərək az qida qəbul etsin. Gərək çalışasan ki, mədəni aldadasan. Çörək ətri dünyada ən gözəl qoxudur. Uzun zamandan bəri qida rasionumdan çörəyi çıxartmışam. Ürəyim çörək yemək istəyəndə belə onun ətrini qoxlayıram və qoyuram yerinə. Çörək çox ağır qida növüdür. Onu yeyəndən sonra mədə çox ağırlaşır. Həzm sistemi yavaşlayır. Məhz bu səbəbdən çörək yemirəm. İnsan yedikcə yemək istəyir. Atalar deyirdi ki, iştah diş altındadır. Yemədikcə iştahanız küsəcək”.

Rəşad Əliyev