İradə İbrahimova ailəsi haqqında: “Vaxtilə çox dedilər ki, bu iş olmayacaq” - FOTO

15:40 19-04-2020 474

“O, mənim həyat yoldaşım, yol yoldaşımdır. Yolun yarısında qoymayacaqlarımdandır. Nə arxasında, nə də önündəyəm. 11 ildir ki yanındayam, üstəlik çiyin-çiyinə, qol-qola, yan-yana, əl-ələ, diz-dizə. Bir yastıqdayam və son nəfəsimə, ölüm ayırana qədər yanında olacağıma söz verdim”.

HerGun.Az xəbər verir ki, bu sözləri 2009-cu ildə ailə qurduqdan sonra Türkiyəyə köçüb orada fəaliyyətini davam etdirən məşhur müğənni İradə İbrahimova sosial media hesabında yazıb.

Tez-tez “İnstagram” izləyiciləri ilə ailəsində baş verən istər xoş, istərsə də, çətin məqamları bölüşən sənətçi bir neçə həftədən sonra həyat yoldaşı, iş adamı Ceyhun İzərlə qeyd edəcəkləri evlilik ildönümləri haqqında ürək sözlərini paylaşıb:

“Sözün əsl mənasında o, mənim həyat ortağımdır. Az deyil, tam 11 ildir ki, hər yerdə birlikdəyik. Hələ tanış olduğumuz illəri də saysaq, 17 il edir. Vaxtilə çox dedilər ki, bu iş olmayacaq, adətlərimiz, dünyaya baxışımız, hələ bu sənətlə heç nə alınmayacaq. Yaşın balacadı, hələ başa düşmürsən, biriniz “qoç”, digəriniz “aslan”. Daha nələr və nələr... Qoça bənzətməklə doğru ediblər. Hər iki tərəf də güclüdür, qürurludur, amma mübarizəsinin dadına doymaq olmur. Zarafat edirəm, bərabər böyüdük. Yazı yazanın deyil, oxuyanınmış... Əslində əsas məsələ bir-birinə qol-qanad olmaqdır. Həyatımıza təmas edən hər kəslə və hər şeylə gözlərimizin içi gülsün”.

Qeyd edək ki, müğənni İradə İbrahimova 2009-cu ildə əslən Azərbaycanlı olan türk vətəndaşı, iş adamı Ceyhun İzərlə ailə həyatı qurub. Cütlüyün 2010-cu ildə İpək adlı qız övladları dünyaya gəlib. 2015-ci ildə isə sənətçi ikinci dəfə ana olub və Əli adlı oğlan övladını dünyaya gətirib.

Hazırda isə İradə İbrahimova ailəsi ilə birlikdə Türkiyənin İstanbul şəhərində yaşayır.

Rəşad Əliyev