Aleksandr Merejko: “Azərbaycan dostumuzdur, Türkiyə tərəfdaşımız”

11:40 23-04-2020 497

Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar rəsmi Kiyevin Osmanlı İmperiyasındakı qondarma “erməni soyqırımı”nı tanımadığını və bu səbəbdən də bu terminin istifadə edilməyəcəyini bildirib.

Ukrayna Ali Radasının Xarici Siyasət Komitəsinin rəhbəri, hüquq elmləri doktoru, professor Aleksandr Merejko Media.Az-a açıqlamasında qeyd edib:

“Biz Türkiyənin vacib tərəfdaşımız, Azərbaycanın dostumuz olması mövqeyindən çıxış edirik. Dövlətlərimiz arasındakı münasibətlərə zərər verməməyə çalışırıq. Bir daxili amil də var, bizdə yüz minlərlə Azərbaycan diasporunun nümayəndəsi var. Heç bir məsələnin ağırlaşmasına, qütbləşməsinə ehtiyac yoxdur”.

Müsahibimizin sözlərinə görə, Ukrayna Xarici İşlər Nazirliyinin mövqeyi ölkənin milli maraqları baxımından çox balanslı və səlahiyyətlidir: “Ukrayna Prezidenti Vladimir Zelenskinin dediyi kimi, ölkəmizə kömək etməyə hazır olan Azərbaycanın mövqeyini çox yüksək qiymətləndiririk”.

- Hesab edirəm ki, 300 milyon dollardan danışırıq...

- Doğrudur. Bunu dostcasına davranış kimi qəbul edir, çox yüksək qiymətləndiririk. Ayrı-ayrı deputatların siyasi motivli açıqlamaları nəticəsində münasibətlərimizin pozulmasını istəmirik. Hamımız çətin vəziyyətdəyik və buna görə də Azərbaycanın Ukrayna üçün əvvəl və indi etdiklərini yüksək qiymətləndiririk. Rəsmi Bakı bizim üçün dost və strateji tərəfdaşdır.