Əhali ölkə başçısına minnətdardır: “Hər zaman belə uca olasınız, cənab Prezident!” - MƏKTUBLAR

18:00 23-04-2020 442

Azərbaycan xalqının Prezident İlham Əliyevə ünvanladığı minnnətdarlıq məktublarının sayı gündən-günə artır.

Vətəndaşlar ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün atılan addımlara görə dövlət başçısına təşəkkür edirlər.

Həmin məktubların bir qismini təqdim edirik:

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev yazır:

“Hörmətli Prezident cənab İlham Əliyev.

Bəşəriyyətin üzləşdiyi bu ağır günlərdə xalqımızın sağlamlığını hər şeydən üstün tutaraq, qəbul etdiyiniz yüksək səviyyəli qərarları bəyənirik və Sizinləyik. Sizə bu yolda uğurlar, xalqımıza xoş günlər arzu edirik.

Siz vətənsevər, zəhmətkeş insanların əməyini, xidmətlərini hər zaman yüksək qiymətləndirdiyiniz kimi, biz də Sizin Vətənimiz, xalqımız üçün gördüyünüz işləri daim təqdir edir, uca tuturuq. Hər zaman belə uca olasınız, cənab Prezident!”.

Biləsuvardan Sifeyrə Əliyeva məktubunda bildirir:

“Əziz Prezidentimiz.

Dünyada yayılmış və insanların ölümünə səbəb olan koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq istiqamətində atdığınız və digər ölkələr üçün nümunə ola biləcək addımlarınız bizim xalqını sevən, həmişə onun yanında olan, uzaqgörən Prezidentimiz olduğunu bir daha göstərdi. Sizin bu tədbirlər planı ilə yanaşı, yaranmış çətin vəziyyətdə xalqımıza hərtərəfli kömək etməyinizi, aztəminatlı ailələri diqqətdə saxlamağınızı, övladlarımızın iş yerlərini itirməmək üçün gördüyünüz işləri heç vaxt unutmayacağıq. 74 yaşlı bir ana olaraq, öz adımdan və səkkiz övladım, 41 nəvə-nəticəm adından Sizə minnətdarlığımı bildirirəm. Biz həmişə Sizin ətrafınızdayıq. Allah Sizə can sağlığı versin və bu bəladan xalqımızı qorusun”.

Ağcabədidə məskunlaşan Laçın rayonundan Süleyman Şahverdiyev və digər məcburi köçkünlər qeyd edirlər:

“Hörmətli cənab Prezident, hörmətli Mehriban xanım.

Hər bir vətəndaşımızın həyatını düşündüyünüz üçün Sizə minnətdarıq. Ölkəmizdə yaranmış vəziyyətlə əlaqədar “Evdə qal” çağırışınıza əməl edib evdə qaldığımız halda, Siz yorulmadan bizim sağlamlığımız üçün gərgin rejimdə işləyirsiniz.

Məcburi köçkünlərə xüsusi diqqət və qayğınızın nəticəsidir ki, bizim ailələr Ağcabədi rayonunda salınmış yeni qəsəbədə evlə təmin olunub. Bundan başqa, sosial izolyasiya tədbirləri ilə əlaqədar məktəblərin bağlanmasına baxmayaraq, övladlarımız təhsildən kənarda qalmır, televiziyada təşkil olunmuş onlayn dərslərdən yararlanırlar. Əməkhaqlarımız da vaxtında köçürülür.

Bunun üçün Sizə dərin təşəkkürümüzü bildiririk. Sizə gərgin və yorulmaz işlərinizdə uğurlar arzulayıram. Allah yardımçınız olsun. Allah tezliklə ölkəmizi koronavirus bəlasından xilas etsin”.

Ağstafadan Zahid Sultanov yazır:

“Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə həyata keçirdiyiniz müvafiq profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial təminatının yaxşılaşdırılması, o cümlədən pandemiyadan zərər görən sahibkarlara maliyyə dəstəyinin verilməsi, insanları həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyinin əsl təzahürüdür. Dövlətimiz bütün imkanlarını pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində səfərbər edib. Məhz buna görə də, inanırıq ki, ölkəmiz bu bəladan minimum itkilərlə çıxacaq və Sizin rəhbərliyiniz ilə respublikamız yenidən bütün sahələrdə əvvəlki inkişaf yolunu uğurla davam etdirəcək.

Cənab Prezident, bu çətin günlərdə həyata keçirdiyiniz tədbirlərə, insanlara göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirirəm”.

Bakı sakini Altay Mansurov bildirir:

“Çox hörmətli Möhtərəm Prezident.

Xəzər rayonunun bütün ağsaqqalları və sakinləri Sizin apardığınız daxili və xarici siyasəti daim dəstəkləyirlər. Hazırda dünyanın əksər ölkələrini bürüyən koronavirus pandemiyası bizim ölkəmizdən də yan keçməyib. Sizin rəhbərliyinizlə vaxtında aparılan qabaqlayıcı profilaktik tədbirlər respublikada xəstəliyin insanlar arasında kütləvi şəkildə yayılmasının qarşısını alıb. Bütün bu tədbirlər vətəndaşlarımızın sağlamlığının təhlükəsizliyinə yönəldilib. Eyni zamanda, yaranmış bu gərgin vəziyyət tərəfinizdən düzgün qiymətləndirilərək vətəndaşların sosial vəziyyəti da nəzərə alınıb. Bu çətin günlərdə qəbul edilmiş bütün qərarlar hər bir şəxs tərəfindən icra edilərsə, xəstəlik bəlası bizdən yan keçər. Sizin Sərəncam və qərarlarınızı biz ağsaqqallar dəstəkləyirik və hər bir kəsi o qaydalara riayət etməyə çağırırıq. Bu işlərə görə biz Sizə çox minnətdarıq. Əminik ki, xalqımız Prezidentimizin rəhbərliyi altında bu gözəgörünməz düşmən üzərində qələbə çalacaq.

Möhtərəm cənab Prezident. Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə möhkəm can sağlığı, xoşbəxtlik, işinizdə yeni uğurlar, xalqımıza firavan həyat diləyirəm. Tanrı Sizi qorusun”.

Biləsuvardan Fail Məmmədov məktubunda qeyd edir:

“Əziz və hörmətli Prezident.

Dünyanı bürümüş koronavirus pandemiyasına qarşı respublikamızda Sizin tərəfinizdən həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəmizin bütün əhalisi tərəfindən çox böyük razılıqla qarşılanır. Məhz Sizin məqsədyönlü tədbirləriniz nəticəsində xalqımız bu bəladan uğurla qorunur. Sevinirik ki, vətənimiz Azərbaycan hazırda pandemiyadan ən az zərər çəkən ölkələr sırasındadır. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti həmişə öz xalqının yanındadır, onun sağlamlığı dövlət başçısı üçün ən prioritet məsələdir.

Sizin tərəfinizdən biz həkimlərin fədakar əməyinə verdiyiniz yüksək qiymət, atdığınız sosial yönümlü addımlar ziyalılar, tibb işçiləri və bütün əhali tərəfindən hədsiz razılıq hissi ilə qarşılanır. Sizin bu qətiyyətli addımlarınız xalqımızın ağır fəsadlar törədə biləcək pandemiyadan tezliklə və az itkilərlə çıxacağına böyük əminlik yaradır.

Möhtərəm Prezident, Azərbaycan xalqı Sizin kimi müdrik Prezidenti ilə fəxr edir. Siz buna layiqsiniz. Siz sözün həqiqi mənasında, hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Biz ziyalılar Sizin ən yaxın silahdaşınız, xalqımızın sevimlisi Mehriban xanım Əliyevanın da yorulmaz fəaliyyətini yüksək qiymətləndiririk. İnanırıq ki, Sizin qətiyyətli addımlarınız tezliklə öz bəhrəsini verəcək, xalqımız bu böyük bəladan da uğurla çıxacaq.

Səhiyyə sahəsində uzun illər çalışan bir insan kimi şəxsən öz adımdan və bütün ailə üzvlərimin adından Sizə bir daha minnətdarlığımı bildirirəm. Uca Tanrı xalqımızın rifahı naminə daim Sizi qorusun”.

Bakıdan Təvəkkül Səlimov yazır:

“Əziz Prezidentimiz.

Vətənimizin Sizin birbaşa adınız və fəaliyyətiniz ilə bağlı olan şanlı tarixi illəri ərzində Azərbaycan xalqının möhtəşəm yüksəlişi və inkişafı Sizin üçün həmişə başlıca amal və müqəddəs bir vəzifə olub. Bu gün zaman bəşəriyyəti və onun bir parçası olan Azərbaycan xalqını koronavirus xəstəliyi ilə sınağa çəkərkən bizim hər birimiz bir daha bu həqiqətin şahidi oluruq. Bütün dini kitablarda günahsız bir insanı ölümdən qurtarmaq müqəddəs və təqdir olunan əməl sayılır. Dünyada tüğyan edən koronavirus xəstəliyi ilə əlaqədar atdığınız addımlar, o cümlədən xəstəliyə qarşı mübarizə tədbirləri ilə bağlı dəstək fondunun yaradılması, mövcud tibb müəssisələrinin qısa müddətdə beynəlxalq standartlara uyğunlaşdırılması, tezliklə modul tipli müasir xəstəxanaların istifadəyə veriləcəyi, müasir tibbi avadanlıq və ləvazimatların alınması, fədakar və qəhrəman səhiyyə işçilərinin əmək haqlarının artırılması, pandemiya ilə əlaqədar işə gedə bilməyən əməkdaşların əmək haqlarının saxlanılması, ölkə üzrə imkansız ailə və şəxslərə yardımların göstərilməsi, sahibkarlara dövlət dəstəyinin verilməsi, əhalinin sağlamlığının qorunması üçün karantin rejiminin tətbiqi, xüsusən də Sizin müntəzəm olaraq xalqa müraciət və çağırışlarınız insanlar tərəfindən çox böyük rəğbət, əsl humanizm nümunəsi kimi qarşılanır. Bütün bunlar çətin zamanlarda sosial həmrəyliyin cəmiyyət üçün nə qədər böyük əhəmiyyət daşıdığını bir daha təsdiq edir, Sizin 2003-cü ildə prezident seçkiləri ərəfəsində söylədiyiniz “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” sözlərinizin tam mənası ilə sübutudur.

Möhtərəm Prezidentimiz, biz – Xəzər rayonunun ziyalıları, habelə rayonumuzun qədirbilən və Sizi çox sevən sakinləri həmişə olduğu kimi, bu çətin günlərdə də Azərbaycanımız yolunda atdığınız bütün addımları rəğbətlə qarşılayır, xəlqi mahiyyət daşıyan bu işlərdə Sizləri dəstəkləyirik. Hər şeyə görə minnətdarıq. Var olun, sağ olun”.

İsmayıllının Basqal qəsəbəsindən Nərgiz Əsədli məktubunda bildirir:

“Hörmətli cənab Prezident.

Sizə bu ölkənin gənc vətəndaşı olaraq təşəkkür dolu məktubumu çatdırmaq istəyirəm. Bütün dünyanın birlikdə mübarizə apardığı bu gizli düşmənlə qarşı-qarşıya qaldığımız bir zamanda xalqımızın yanında olduğunuz üçün şəxsən öz adımdan Sizə böyük minnətdarlıq hisslərimi bildirirəm. Sizin uğurlu tədbirləriniz nəticəsində xalqımız bu çətinliyi də geridə qoyacaq. Əminliklə bildirirəm ki, hər bir vətəndaş Sizə inanır, güvənir və Sizi öz yanında hiss edir. Biz birlikdə güclüyük və Sizinlə güclüyük. Yaxşı ki, bizim rəhbərimiz Sizsiniz. Hər zaman “İlhamla irəli”yə addımlamağa hazırıq. Uca Yaradan Sizi, ailənizi və xalqımızı qorusun. Sağ olun”.

Şəkidən Zəminə Rəsulova qeyd edir:

“Möhtərəm cənab Prezident.

Sizə və Mehriban xanım Əliyevaya həm öz adımdan, həm də bütün Şəki sakinləri adından dərin minnətdarlığımı bildirirəm. Bu gün bütün dünya məlum dəhşətli pandemiya ilə mübarizə aparır. Hər gün müxtəlif ölkələrdə bu pandemiya səbəbindən minlərlə ölüm qeydə alınır. Azərbaycanda məhz Sizin uzaqgörən siyasətiniz sayəsində hələ heç bir yoluxma halı qeydə alınmamış bu virusun qarşısını almaq məqsədilə yüksək təhlükəsizlik tədbirləri görüldü, xüsusi karantin rejimi tətbiq edildi. Məhz Sizin və Mehriban xanımın sayəsində bu gün Azərbaycanda bu virusa yoluxma və ölüm sayı, şükürlər olsun ki, çox azdır.

Möhtərəm Prezident, Siz xalqın rifahını, sağlamlığını qorumaq məqsədilə müxtəlif göstərişlər verdiniz. Bütün bunlara görə biz Sizə minnətdarıq. Sizə və ailənizə möhkəm can sağlığı arzu edirəm”.

Bakı sakinləri Roza Səmədova və başqaları yazır:

“Əziz Prezidentimiz.

Koronavirusla mübarizədə xalqımızı qorumaq üçün gördüyünüz səmərəli qabaqlayıcı tədbirləri alqışlayır, Sizə uzun ömür, möhkəm can sağlığı, işlərinizdə uğurlar diləyirik.

Çox sağ olun ki, bu çətin günlərdə xalqa dəstək olursunuz. Aztəminatlı ailələrə 190 manat birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar yeni sosial paketin təsdiq edilməsi təqdirəlayiqdir. Siz bununla bir çox işsiz ailənin evində ocağın alovlanmasına, qazanın qaynamasına, bir sözlə, onların xoş güzəranına səbəb oldunuz.

Sizə və ailənizə daim xoş günlər, evinizə bol ruzi-bərəkət arzulayırıq. Ulu Tanrı Sizi daim var eləsin, cənab Prezident!

Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Naxışnərgiz kəndinin sakini Qəzənfər Qurbanov bildirir:

“Hörmətli cənab Prezident.

Sizin sayənizdə xalqımızın təhlükəsizliyi və yaşayış səviyyəsi yüksək səviyyədədir. Hansı bəla gəlsə də, xalqımız yenə Sizin sayənizdə rahat günlərini yaşayır.

Dünyanı bürüyən koronavirus pandemiyasına qarşı əvvəlcədən qəbul etdiyiniz qərarlara görə itkilərimiz başqa ölkələrlə müqayisədə dəfələrlə azdır. Ölkəmizdə bu sahədə əldə olunan müsbət nəticələrə görə şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə təşəkkürümü bildirirəm”.

Bakıdan Əli Hümbətov məktubunda qeyd edir:

“Hörmətli cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşiblər. Sizin müdrik və uğurlu siyasətiniz nəticəsində atılmış addımlar və görülmüş qabaqlayıcı tədbirlər sayəsində COVID-19-un ölkəmizdə geniş yayılmasının qarşısı alındı.

Möhtərəm cənab Prezident, işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsi və yaşı 65-dən yuxarı şəxslərə evdə xidmət göstərilməsi bir daha nümayiş etdirdi ki, sosial müdafiəyə ehtiyacı olan şəxslər dövlətin himayəsindədir. Ümid edirik ki, bütün dünyanı cənginə alan xəstəlikdən tezliklə qurtulacağıq. Bir vətəndaş olaraq hamımız karantin qaydalarına, qoyulmuş qadağalara sonadək riayət etməliyik. Çünki yalnız bu yolla öz sağlamlığımızı qoruya bilərik.

Cənab Prezident, Sizə dərin ehtiramımızı qəbul etməyinizi xahiş edirik”.

Paytaxtın Bülbülə qəsəbəsinin sakini Orxan Qasımov bildirir:

“Hörmətli cənab Prezident.

Koronavirusun dünyanı bürüdüyü bir zamanda Allahdan Sizə və xalqımıza səbir diləyir, tezliklə bu virusun aradan qalxmasını arzulayıram. Dualarımız daim Sizinlədir. Belə bir çətin zamanda xalqımızın yanında olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Biz qaydalara əməl edərək evdə qalmağın bəhrəsini tez bir zamanda görəcəyik. Artıq əldə edilən nəticələr də ümidvericidir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkəmizə əmin-amanlıq və firavanlıq arzulayıram”.

Digər paytaxt sakini Qəhrəman Məmmədov yazır:

“Zati-aliləri, möhtərəm cənab Prezident.

Məqsədyönlü və düzgün siyasi addımlarınız təqdirəlayiqdir. Hər bir Azərbaycan vətəndaşı kimi, mən də özümə borc bildim ki, Sizə təşəkkür edim. Bütün dünyanı bürümüş COVİD-19 pandemiyası Sizin əzmkarlığınız və vaxtında verilmiş düzgün qərarlarınız sayəsində bu gün ölkəmizdə digər ölkələrlə müqayisədə nəzərə çarpacaq qədər fərqlidir. Siz həmişə xalqını düşünən və millətimizin rifahı naminə gecə-gündüz səy göstərən, bütün dünya dövlətlərinə nümunə olacaq Lidersiniz. Allah ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevə rəhmət eləsin. Ümummilli liderimizin aforizmə çevrilmiş, Azərbaycan mövcud olduqca, hər bir azərbaycanlının şərəflə işlədə biləcəyi, bütün bir tarixi özündə cəmləyən cümləsi vardır: “Mən fəxr edirəm ki, azərbaycanlıyam”. Bəli, möhtərəm cənab Prezident. Bu gün mən azərbaycanlı olmaqla yanaşı, fəxarət hissi keçirirəm ki, mənim Sizin kimi Prezidentim var. Sizə can sağlığı, uzun ömür arzulayıram. Allah Sizi daim var eləsin”.

Bakıdan Çinarə İsmayılova məktubunda bildirir:

“Əziz Prezidentimiz.

Dünyanı cənginə alan koronavirusun ölkəmizə zərərinin minimuma endirilməsi üçün görülən tədbirlər Sizin hər bir azərbaycanlının Prezidenti olduğunuzu sübut edir. COVID-19 infeksiyasının dünyanın ən qüdrətli dövlətlərində ciddi tələfatlara səbəb olaraq hökmdarlıq etdiyi halda, ölkəmizə ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, Azərbaycanda görülən tədbirlər səmərəlidir. Bu da ölkəmizin əmin əllərdə olduğunu hər bir Azərbaycan vətəndaşına nümayiş etdirir, xalqımızı qürurlandırır.

Cənab Prezident, hər bir vətəndaşın qayğısına qalaraq ölkəmizin inkişafı, xalqımızın rifahı üçün yorulmadan çalışdığınız üçün Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm”.

Bakıdan İmadəddin Hüseynov qeyd edir:

“Möhtərəm cənab Prezident.

Bəşəriyyəti cənginə almış koronavirusla mübarizədə dünyanın aparıcı dövlətləri belə böyük çətinliklərlə üzləşib. Sizin müdrik və uzaqgörən siyasətiniz, həyata keçirilən qətiyyətli və qabaqlayıcı tədbirlər sayəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaradılıb. Azərbaycanda koronavirusla mübarizədə qabaqlayıcı tədbirlər gördüyünüzə görə Sizə təşəkkürümü bildirirəm. Ölkəmizdə hələ COVID-19 infeksiyasına yoluxma baş verməmişdən əvvəl Sizin tapşırıq və göstərişinizlə dezinfeksiya işlərinə başlanıldı. Vaxtında həyata keçirilən sosial təcrid və preventiv tədbirlər baş verə biləcək fəlakətin qarşısını alaraq pandemiyanın geniş vüsət almasını önlədi. Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı. Dünyanın inkişaf etmiş dövlətlərinə örnək olacaq bu addımlarınız xalq tərəfindən yüksək qiymətləndirilir. Bir daha müstəqil Azərbaycanımız naminə gördüyünüz mühüm işlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Bu çətin günlərdə Sizə və ailənizə cansağlığı, yeni uğurlar arzulayıram”.

Bərdədən Vüqar Şadlinski yazır:

“Hörmətli cənab Prezidentimiz.

Sizi bütün bərdəlilər adından salamlayıram. Bütün dünyanın qarşısında aciz qaldığı pandemiyaya ilə mübarizədə atdığınız qətiyyətli və humanist addımlar xalqın Sizə olan sevgisini və inamını daha da artırdı.

“Biz birlikdə güclüyük!” çağırışınız xalqımızı həmrəyliyə səslədi. Buna görə də, Sizin rəhbərliyinizlə Azərbaycan dünya dövlətlərinə nümunə olacaq bir model, bir yanaşma göstərə bildi.

Bu gün Bərdədə imkansız ailələrə əl tutmaq, yardım etmək bir hərəkata çevrilib. Buna görə də, bütün bərdəlilərin Sizə olan minnətdarlığını çatdırıram. Tanrı Sizi, ailənizi, Azərbaycan xalqını və dövlətini qorusun”. 

Bakıdan Xəlil Nurəliyev bildirir:

“Çox hörmətli və əziz Prezidentimiz.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi məktəbinin layiqli yetirməsi, onun zəngin təcrübəsindən yararlanan müdrik dövlət başçısısınız. Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın ən qüdrətli dövlətləri sırasına yüksəlib, beynəlxalq aləmdə böyük nüfuz qazanıb. Siz dünyanın koronavirus pandemiyası ilə üzləşdiyi bir vaxtda xalqımızı bu bəladan qorumaq üçün mümkün olan hər şeyi edir, Azərbaycan xalqının sağlam və xoşbəxt yaşaması üçün çalışırsınız. Buna görə də, Azərbaycan xalqı Sizinlədir.

Mən və ailə üzvlərim Sizə can sağlığı, uzun ömür, yeni nailiyyətlər arzulayırıq. Allah Sizi və ailənizi qorusun. Azərbaycanın daha gözəl günləri hələ qabaqdadır”.

Samux rayonundan Kəmalə Xəlilova və başqaları yazırlar:

“Hörmətli cənab Prezidentimiz.

“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” sözləriniz indiyədək xalqımızın yaxşı yaşaması naminə gördüyünüz işlərdə öz təsdiqini tapıb. Bu günlərdə koronavirusla bağlı həyata keçirdiyiniz tədbirlərlə xalqa sevginizin nə qədər böyük olduğunu bir daha göstərdiniz. Ümumbəşəri bəla olan koronavirusun qarşısında dünyanın ən inkişaf etmiş dövlətlərinin aciz qaldığı bir vaxtda Siz xalqımızı epidemiyanın ağır nəticələrindən qoruyursunuz.

Bu çətin günlərdə ölkəmiz üçün vacib sahələrin inkişafdan qalmamasına maksimum nail olursunuz. İnşallah, bu çətin günlər də geridə qalacaq, Azərbaycanımız hələ çox gözəl günlər yaşayacaq. Biz samuxlular əminik ki, Sizin rəhbərliyinizlə bu ağır günlərdən də qalib çıxacağıq. Ulu Tanrı Sizi qorusun.

Bir vətəndaş olaraq daim Sizi dəstəkləyirik. Allah Sizi və gözəl ailənizi qorusun. Allaha əmanət olun”.

Sabirabadın Qalağayın kəndindən Səlminaz Novruzova bildirir:

“Hörmətli cənab Prezidentimiz.

Mən Qalağayın kəndinin 65 yaşlı sakiniyəm, üç övladım, altı nəvəm var. Ulu öndərimiz Heydər Əliyevinin Vətənimizin inkişafı üçün çəkdiyi zəhməti hər zaman yüksək qiymətləndirmişəm və onu dəstəkləmişəm. Heydər Əliyev məktəbi keçmiş layiqli bir davamçı kimi Sizin də fəaliyyətinizi yüksək qiymətləndirirəm. Mən də, övladlarım da Sizin kimi vətənpərvər Prezidentimizin olması ilə fəxr edirik.

Yaşadığımız bu çətin günlərdə Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəmiz qorxulu virusdan daha az əziyyət çəkdi. Bu, Sizin sayənizdə oldu. Biz bu günlərdə çətinlik hiss etmədik, rahat həyatımıza davam edirik. Xalqımız bu rahatlığa görə Sizə minnətdardır”.

Bakı sakini İlham Qayıbzadə qeyd edir:

“Hörmətli cənab Prezident.

Siz bu ağır günlərdə istirahət demədən, gecə-gündüz demədən çalışaraq vətəndaşların qayığısa qalırsınız, onlara hərtərəfli kömək göstərirsiniz. Sizi daim yanında hiss edən qədirbilən xalqımız Sizi ən yaxın dostu hesab edir. Mən də bu ölkənin bir vətəndaşı kimi, Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyanın səfərbər olduğu koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirlər, o cümlədən, yeni xəstəxanaların tikilməsi, əhaliyə edilən güzəştlər, maddi təminatlar, humanitar yardımlar Sizin xalqımıza dayaq olduğunuzu göstərir. Sizin “Biz birlikdə güclüyük!” ifadəniz bizə qüvvət verir və bizi əmin edir ki, çox keçməz, Sizin yorulmaz fəaliyyətiniz sayəsində bu mübarizədən birlikdə üzüağ çıxarıq.

Cənab Prezident, pandemiyanın ölkəmizdə yayılmasına qarşı atdığınız addımlara görə Sizə səmimi qəlbdən təşəkkürümü bildirir, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Şirvan şəhərindən Qurbanxan Dəmirov məktubunda bildirir:

“Möhtərəm cənab Prezident.

Sizin misilsiz idarəçiliyiniz altında ölümcül virusa qarşı mübarizə tədbirləri aparılır. Bu bəlaya qarşı tək dövlət strukturları deyil, cəmiyyətin bütün üzvləri fəal mübarizlik göstərməlidirlər. Təbii ki, bu işdə ağ xalatlı həkimlərin və polis orqanlarının xidməti təqdirəlayiqdir. Mən bu gün həkimlərin fəaliyyətini Böyük Vətən Müharibəsi illərinə bənzətmək istərdim. Çünki ən çox risk altında olan həkimlərdir. Sizin mərhum ananız Zərifə xanım da həkim olub, neçə-neçə insanın gözlərinə işıq verib. Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Amin.

Koronavirusa qarşı görülən qabaqlayıcı tədbirlər göz qabağındadır. Ölüm və yoluxma səviyyəsi aşağıdır, sağalanların sayı gündən-günə artır.

Cənab Prezident, məhz Sizin sayənizdə bu gün ölkəmizdə tam ictimai sabitlik hökm sürür, insanların sağlamlığı qorunur. Odur ki, Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. İnşallah, bu bəladan da qurtulacağıq. Tanrı Sizi qorusun”.

Balakəndən Aytac Balagözova yazır:

“Hörmətli cənab Prezident.

Mən ali təhsilli Azərbaycan gənci olaraq, son vaxtlar bütün dünyanı aciz vəziyyətdə qoyan koronavirus bəlası ilə mübarizədə bizlər üçün böyük əzmlə çalışmağınızın bir daha şahidi oldum. Heç də təsadüfi deyil ki, Sizin doğru zamanda qəbul etdiyiniz düşünülmüş qərarları hazırda dünyanın inkişaf etmiş əksər ölkələri özlərinə nümunə götürürlər. Azərbaycan xalqı bu çətin və keşməkeşli yolda yalnız Sizə arxalanır. Sizin rəhbərlik etdiyiniz dövlətin vətəndaşı olduğum üçün özümü çox şanslı hesab edirəm”.