Bakıda işdən çıxarıldığını iddia edən kitabxanaçı ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

20:20 23-04-2020 401

Bakı şəhəri 286 nömrəli məktəbin kitabxana fondunun inventarizasiyası zamanı 1779,31 manat dəyərində dərs vəsaiti olan kitabların əskik gəlməsi faktı aşkarlanıb.

Bakı şəhəri üzrə Təhsil İdarəsindən HerGun.Az-a verilən məlumatda belə deyilir. 

Faktla əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən olunub ki, qeyd olunan çatışmazlıq məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızının kitabxana işinin təşkili, kitabların uçotunun aparılması, saxlanması və qorunması ilə bağlı nöqsanlara yol verərək, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini keyfiyyətsiz yerinə yetirməsi nəticəsində yaranıb.

Bununla əlaqədar, Bakı şəhəri 286 nömrəli tam orta məktəbin 05 mart 2018-ci il tarixli əmri əsasında məktəbin kitabxana müdiri Mahmudova Təranə Əyyub qızı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilib. Təranə Mahmudova işə bərpa tələbi ilə məhkəməyə müraciət etsə də, onun iddiası təmin edilməyib.

Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08.05.2018-ci il tarixli, 2(004)-4015/2018 saylı, Bakı Apelyasiya Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(103)-8249/2018 saylı qətnamələri və Azərbaycan Respublikası Ali Məhkəməsinin 06.02.2019-cu il tarixli, 2(102)-959/19 saylı qərarı mövcuddur.

Onu da qeyd edək ki, Təranə Mahmudovanın bu məsələ ilə bağlı ünvanladığı müraciətlərə dəfələrlə aydın və əhatəli cavablar verilib.