“Podval”da doğulan şikəst uşaqların taleyi

11:40 24-04-2020 343

Qəşəm Nəcəfzadə yazır...

Xalq artisti Afaq Bəşirqızının ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişinə telefonla qoşularaq, nalayiq sözlər işlətməsi bu gün gündəmi zəbt edib. Birdən-birə düşünürsən ki, böyük yaradıcılıq yolu keçmiş tanınmış aktirsa niyə belə etsin və niyə insanları təhqir eləsin?

Bu məsələni hərə bir tərəfdən, özünün bildiyi rakursdan dəyərləndirir, onu tənqid edənlər də olur, əks istiqamətdə dayanıb bəraət qazandıranlar da.

Mənim fikrim bu olaya tamam başqa bir yöndən baxmaqdır. Əvvəla, Afaq Bəşirqızının oynadığı, xüsusən “Bəxt üzüyü” filmində yaratdığı “Söylü” obrazının xarakteri, dili, danışıq tərzi, hadisələrə lağlağı baxmaq xüsusiyyəti istər-istəməz onu yaradanın davranışına təsir göstərir. Filmdəki “Söylü” obrazı sənət əsəri deyil, sadəcə bir lağlağı, gülməli, məzhəkəli personajdır. O cümlədən, “Moşu” obrazı da. Burada sənət söhbəti arxa plana keçirilib. Amma filmdə Hüseyn və Tanrıverdi obrazları cəmiyyətin faciəsini çox doğru-düzgün əks etdirirlər.

Bu gün tamaşaçını güldürməkdən ötrü aktyorlar hər şeyə gedirlər; kişilər qadın paltarı geyinir, ora-bura təpik atır, ağızlarına gələni danışırlar ki, təki tamaşaçılar gülə bilsinlər. Bizim son filmlərin əksəriyyətində, xüsusən serialların hamısında əsas bir ideya var: ya insanı güldürmək, ya da ağlatmaq. Düşünmək məsələsini bunlar birdəfəlik qoyublar tunc seyfə, ağzını bağlayıb, açarı da itiriblər.

Bu gün çoxluq təşkil edən tamaşaçı zövqü tələb edir ki, sən lağlağı eləyəsən, təpik atasan, dombalaq aşasan, söyüş söyəsən, məzhəkə çıxarasan.

Afaq xanım kifayət qədər ciddi sənət adamıdır. Məncə, bu olayın baş verməsinə əsas səbəblərdən biri də “Elgizlə izlə” verilişinin səviyyəsiz olması və ən başlıcası, bu verilişi də Elgiz kimi qeyri-ciddi bir adamın  aparmasıdır.

Gəlin bir anlıq düşünək: Afaq xanım Elgizdən başqa kimin verilişinə zəng edib söyüş söyə bilərdi? Məncə, heç kimin. Bu, ancaq Elgiz olmalı idi. Burada ciddilikdən və sənətdən söhbət gedə bilməz. Gərək baxasan verilişin boyuna, sonra girəsən oyuna.

Mən dəfələrlə Elgizin, Xoşqədəmin və Zaurun verilişlərində ekspert olmuşam. Bu verilişlərin məqsədi odur ki, ciddi olmayasan, rola girəsən, yalandan ağlayıb, yalandan güləsən. Daha doğrusu, bu verilişlərdə özün olmaq mümkün deyil. Nə qədər güclü olsan belə, verilişin axarı səni özündən çıxarıb, başqa istiqamətə aparır.

Mən Xoşqədəmin verilində özüm dərk etdiyim həqiqətləri danışa bilməmişəm, çünki aparıcı buna imkan vermir, Zaur da belə, Elgiz də. Bəs bu cür verilişləri araya-ərsəyə gətirən nədir? Yenə də səviyyəsiz tamaşaçı zövqü və zövqdən ruh alan “möhtərəm” reytinq.

İnsan faciələri üzərində qəhrəmana çevrilməyin, məşhurlaşmağın, gün-güzəran qurmağın özü günah qazanmaqdır, bunun nədəni nə vaxtsa səndən sorulacaq.

Qaldı ki, hörmətli Afaq Bəşirqızının kənddən gəlib, şəhərdə - zirzəmilərdə şikəst uşaq dünyaya gətirən analar haqqında dediyi fikrə, bununla qəti razı deyiləm. Bu fikir heç Allaha da xoş getməz. Əvvəla, insanın harada yaşaması onun öz arzusudur. Hər kəs öz imkanına görə yaşayır. Bu arzuya kim qarışa bilər ki?..

Azərbaycanın ən böyük oğulları - milli qəhrəmanları, şəhidləri, əsasən, Afaq xanımın dediyi o zirzəmilərdə, uçuq daxmalarda, kərpiç evlərdə doğulanlardır. Harada uşaq dünyaya gətirməsindən asılı olmayaraq, qadına - anaya belə demək imandan deyil.

Bir də kim deyir ki, dünyaya şikəst uşaq gətirmək zirzəmidə yaşamaqla və ac-yalavac qalmaqla bağlıdır. Qətiyyən belə deyil. İmkanlı ailələrin çoxunda, villalarda, qu tükündən hazırlanan yorğan-döşəkdə o qədər şikəst uşaq dünyaya gətirənlər var ki... Bu günün özündə o uşaqları dünyanın ən böyük xəstəxanalarında müalicə etdirsələr də, nəticə heç də ürəkaçan deyil. Bu, Allahın, təbiətin işidir. Bunu başa qaxmaq olmaz.

Belə bir fikri, “şikəst uşaq dünyaya gətirir” ittihamını ananın üzərinə atmaq çox böyük yanlışdır. Baxın şəhidlərimizin tərcümeyi-hallarına: onlar villalarda deyil, kasıb komalarında, kirayə evlərdə doğulub, boya-başa çatıblar, Vətən də bu gün onların çiyinlərindədir.

İkincisi, ana şikəst uşağını müalicə etdirmək istəyirsə və imkanı çatan yerə müraciət edirsə, niyə buna pis baxmalıyıq? Bu, təkcə ananın günahı deyil. Şikəst uşaq hamının ailəsində doğula bilər - varlının da, kasıbın da. Mənim də, Afaq Bəşirqızının da...