Deputat: “Köşkü aparıb prokurorluğun qarşısına qoya bilmərəm”

13:20 24-04-2020 313

Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev spirtli içkilər və tütün məmulatlarının satışına nəzarətin gücləndirilməsi məsələsini qaldırıb. 

HerGun.Az-ın məlumatına görə, Q.Həsənquliyev bildirib ki, bütün məktəblərin, kolleclərin qarşısında köşklərdə siqaret reklam olunur. 

“Siqaret çəkənlərin 95 faizi məktəb illərindən başlayır. Sonradan bilirlər ki, ziyandır, amma tərgidə bilmirlər. Məktəbli olanda onun siqaret çəkməsinin qarşısı alınsa, böyüyəndə bunun ziyan olduğunu biləndə artıq çəkməyəcək”, - deyə o əlavə edib. 

Q.Həsənquliyevin sözlərinə görə, bəzən uşaqlara bilərəkdən pulsuz siqaret paylayırlar: 

“Məqsəd isə odur ki, uşaqlar siqaretə aludə olsunlar və bununla da siqaret satışı çoxalsın. Mən Baş Prokurorluğa bununla bağlı müraciət etmişəm, onlar da bu məktubu Dövlət Reklam Agentliyinə göndərib. 

Prokurorluq məndən fakt istəyir, mən köşkü götürüb aparıb prokurorluğun qarşısına qoya bilmərəm ki! Onların iş yerlərinin qarşısında, yaxınlığında da belə köşklər var”. 

Aqşin Kərimov