İngilis generalı Tomsonun şortiki və azərbaycanlıların nifrəti

15:00 24-04-2020 308

Aqşin Yenisey yazır...

COVID-19 bədənlərimizi məhrəmləşdirdi, müqəddəsləşdirdi. Kilidli bədənlərin sayı çoxalacaq daha. Heç nə olmasa belə, öpüşlər özünü günahkar biləcək.

Daha ruhani həyatımız da tibbin inkişafı proqramlarının bir parçası olacaq. İnsan bundan sonra həyatdan dördəlli yapışacaq. Ucuz ölümlər təxirə salınacaq. Din növbəti dəfə bədənləri itirdi. Bəşər elmin həm “sevdiyi”, həm “döydüyü” övrətinə çevrildi.

Azadlıq anlayışı bu dəfə insan həyatının gizli qatili kimi mühakimə olunacaq.

Uzun müddət kölgələr kabus olacaq.

Ancaq bu dəfə elm yalqız qaldı. Sənət bir vaxtlar dindən üz çevirdiyi kimi, bu dəfə də elmdən üz çevirəcək.

Növbə elmin İsalarına, Musalarına çatdı. Yeni Yehovalar inanclı deyil, elmli xalqlara peyğəmbərlik edəcəklər.

COVID-19 vətən anlayışını müqəddəsləşdirəcək. Bəzi vətənlər gözdən düşəcək, bəziləri dəyər qazanacaq. Həmişə vətəni qoruyanlar bu dəfə vətəninə minnətdar, vətənindən nigaran olmayanlar bu dəfə ondan küsməli olacaqlar. İtaliya bəlkə bir də Mussolinini xatırlayacaq. Fransa Napoleonu yad edəcək, İspaniya bəlkə də gizlincə Frankonun məzarına gül qoyacaq...

Sərhədlər müqəddəsləşəcək, daha da tikanlı, keçilməz olacaq...

Hər halda, ağrılı olan qəddar olanı axtaracaq... Yara sancısı iynə ağrısı arzulayacaq...

Ağıllı adamlar həmişə belə düşünüblər ki, ideologiyalar insanın ruhunu deyil, bədənini istəyiblər: işçi qüvvəsi kimi, şəhid kimi, fəhlə kimi, kəndli kimi və s...

Din və siyasət xadimləri həm də öz fəalları, ardıcılları üçün dərzilik, bərbərlik ediblər: bir dinə, ideologiyaya inanan o biri dinə, ideologiyaya inanana oxşamayıb heç vaxt. Qoymayıblar oxşasınlar, oxşasalar dost olacaqlarından ehtiyat ediblər.

Ziddiyyət mahiyyətdən paltara, qiyafətə qədər fərqləndirilib. Özünə oxşayanı özünə oxşamayandan ayırmaq, dostları və düşmənləri sorğu-sualsız bir-birindən seçmək. “Sən”ə oxşamamaq düşmənçilik üçün kifayət edib həmişə. Güc olmaq istəyən həmişə özünə düşmən yaradıb. Düşmən gücün yaradıcılığıdır. Düşməni olmayan güc deyil. Güç öz düşmənini yaradaraq özünü də yaradır. Gücün varlığı düşmənindədir. Düşmənin yoxdursa, güc deyilsən.

Dini gücsənsə, mistik düşmənlərin hanı? Siyasi gücsənsə, göstər yaratdığın düşməni, ya da düşmənlərini. Bu güclər və onların düşmənləri bəşəriyyətin lüt dövrlərində bir-birindən daha asan formada necə seçilirdilər?

Lüt dünyada icma üzvlərinin bədənlərində cərrahi izlər qoyulur, döymələr işlənir, yaxud xüsusi aksesuarlar taxılırdı. Məsələn, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər.

Bədən üzvündəki xəsarətə görə fərqləndirmənin ən yayğın forması sünnətdir. Qədim matriarxal yəhudilər qəbilə gözəlləri yad qəbilələrin kişilərini son anda tanıyıb, onlarla cinsi əlaqəyə girərək qan qarışıqlığına səbəb olmasınlar deyə, öz oğlan uşaqlarını sünnət edirdilər. Sünnət olmayan bizdən deyil. Bizdən deyilsə, düşməndir. Sünnətə haqq qazandıran digər səbəblər uydurma və məqsədlidir. Matriarxal cəmiyyətdə seçən qadın idi və kişinin ən gizli zəif yerində öz izini qoyurdu ki, özününkünü tanısın. Bu gün də hər il dünyada 13,3 milyon kişi, 2 milyon qız sünnət edilir.

Amma dünya təkcə yəhudilərdən, yaxud misirlilərdən ibarət deyildi: bəzi xalqlar, mədəniyyətlər geyim üzərindən özlərini başqalarından ayırırdılar. Bütün mənəvi-əxlaqi dəyərlər kimi, geyim də başlanğıcda fiziki ehtiyac olsa da, sonradan nəinki əxlaqi, dini, siyasi status qazandı, bədənimizi gizləsə də, bizim milli, sinfi, şəxsi tariximizi, genofondumuzu, instinktlərimizi nümayiş etdirdi.

Amma geyimlərə qarşı bir çox xalqlar həddindən artıq mühafizəkardır ki, onlardan biri də bizik. Azərbaycanda hər il yay fəslində kişi şortikləri düşmən kimi təqib olunur. Şortikə qarşı bu qisasçı mövqeyin tarixi nə ola bilər axı? Ötən əsrin əvvələrində Bakını işğal edən ingilis qoşunlarının komandanı general Tomsonun və əsgərlərinin əynindəki şortiklərini yadınıza salın. Həmin illərdə dünyaya səpələnmiş ingilis əsgərlərinin əynində eyni bir şortik var və bu əsgərlər Bakıda da at oynadırdılar. Mənə elə gəlir ki, Azərbayan xalqı general Tomsonun əynindəki şortiklə bərabər, bütün Qərb imperializminə nifrət edir. Elə bir nifrət ki, artıq irsiləşib, xalq kimin əynində şortik görsə, onu yad ünsür kimi ölkədən qovmaq istəyir.

Oxşar əhvalatlar dünya tarixində də mövcuddur: 629-cu ildə keşişlər ilk xristian qadınlarının parik qoymasını qadağan etdi. Niyə? Çünki bazarda satılan ən bahalı saçlar sarı german saçları idi və kilsə Romanı dağıdan german tayfalarından xoşlanmırdı, ona görə də, parikləri “şeytanın əməllərinin gizləndikləri yer” adlandırdı. Ona görə ki, xristianların vücudu kilsəyə məxsus idi, özlərinin deyildi.

Bunun tam tərsi olan əhvalat: 1558-ci ildə taxta çıxan I Yelizaveta yenidən İngiltərədə parik qoyulmasına icazə verdi. Səbəb, deyilənə görə, kraliçanın keçəl olması idi. Kraliçanın parikinin Avropaya təsiri o qədər güclü oldu ki, hətta fransız zadəganları xidmətçilərin saçını kəsdirib pişiklərinə belə parik qoydurmağa başladılar. Parik (geyim) uzun illər bütöv bir qitəyə nəzarət etdi.

Müasir dünya geyimi həm də psixoloji qatda daha çox oyun funksiyası olan bir nəsnə kimi araşdırır. Məsələn, varlıların ailə psixologiyasına görə, zahiri zənginlik aclardan özünümüdafiə funksiyasını daşıyır; bahalı avtomobil, bahalı geyim şəhərin mərkəzində “knyazlıq” edən istənilən “gül bala”nı kütlənin yumruqlarından qoruyur. Çünki bahalı ayaqqabısı insanların dilini onun özündən daha yaxşı bilir; bu ayaqqabı ətrafdakı qəzəbli kütləyə deyir: “Mənim sahibim toxunulmazdır, onun arxası, adamı var”.

Birinci nümunədə o, özü üçün geyinmişdi, amma bədəni bizim idi, ikinci nümunədə isə o, bizim üçün, başqaları üçün geyinib, indi biz onun bədəninə yox, onun əynindəki bahalı paltarlar bizə (kütləyə) nəzarət edir. Bizim azadlığımızı və qərarlarımızı müəyyən edir. Bizim bədənlərimiz onun geyimindən qorxur.

Qadınların peyğəmbər və filosof ola bilməməsinin, yaxud daha nəzakətli desək, qadınlar arasından az sayda müdrik birinin çıxmasının səbəbi də geyimdir. Geyimə olan maraq qadının düşüncə vektorunu daim çölə, zahirə yönəldir, geyim və digər zahiri cazibədarlıq elementləri qadınları batinə, içə dalmağa qoymur. Başları cıncıq-muncuğa, əski-üsküyə qarışdığı üçün içlərindəki peyğəmbərdən və filosofdan xəbərsiz ölüb gedirlər.

Mənə gəlincə, bu məsələdə xalqı dəstəkləyirəm, Tomsona isə demək istəyirəm ki, get, əyninə salamat bir şey geyin...