Azərbaycanda televiziya kanalları birgə fəaliyyət üçün anlaşdılar

21:40 24-04-2020 348

Azərbaycanda ümumölkə televiziya kanalları televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədini imzalayıb.

Bu barədə Milli Televiziya və Radio Şurasından məlumat verilib.

Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən doqquz media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıblar.

Ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Milli Televiziya və Radio Şurası tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.

Yaxın iki həftə ərzində Milli Televiziya və Radio Şurası kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.