Bakıda saxta pulla mobil telefon alan adam axtarışa verilib

14:00 25-04-2020 337

Bakının Yasamal rayonunda ötən gün saxta manat əskinaslarının istifadəsi faktı aşkarlanıb.

Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 24-də 1979-cu il təvəllüdlü paytaxt sakini Əfqan Məhərrəmov Yasamal rayonunun 29-cu Polis Bölməsinə müraciət edib.

O, bir gün əvvəl mobil telefonunu sosial şəbəkədə sövdələşdiyi naməlum şəxsə satdığını deyib.

Alıcı A.Məhərrəmova 500 manat ödəyib. O, gedəndən sonra kişi pulun saxta olduğunu anlayıb.

Hazırda müstəntiqlər saxta pul yaymaqda şübhəli bilinən şəxsin kimliyinin müəyyənləşdirilməsi üzərində işləyirlər. 

Qeyd edək ki, oxşar hadisə bu ilin yanvar ayında Bakının Nərimanov rayonunda baş vermişdi. O zaman təqsirləndirilən şəxs mobil telefon üçün 600 saxta manat ödəmişdi.

Ramella İbrahimxəlilova