Qulplu “qızıl onluğa” bənzər insanlar

10:20 27-04-2020 360

Kubra Məhərrəmova yazır…

Atam iki institut və partiya məktəbi bitirmişdi. İxtisasca tarixçi və neftçi idi. İndiyə kimi başa düşmürəm ki, bir-birinə zidd olan iki ixtisasa necə yiyələnmək olar. Azərbaycan və rus dillərini mükəmməl bilirdi.

Zənnimcə, elmin, siyasətin ardınca da gedə bilərdi. Mütaliəni çox sevirdi. Hətta cavan olanda onu Xarkov Aviasiya Məktəbinə də göndərmək istəyirdilər. Savadlı idi, rus dilini mükəmməl bilirdi. Həm də atam çox yaraşıqlı idi. Di gəl ki, Kubra nənəm daş atır, başın tuturdu ki, iki oğlumu müharibə əlimdən alıb, Oqtayı heç yerə buraxan deyiləm. Atam elə deyərdi ki, kaş gedib orada da oxuyaydım...

Düşünürəm ki, atam aerokosmik elmlərə yiyələnsəydi belə, yenə geci-tezi öz sənətinə qayıdacaqdı. Onda xüsusi bir bacarıq var idi. Bahalı daşları, qızıl məftilləri elə düzürdü ki, onlardan şəbəkə qolbaqlar, “şar”, “üç düymə”, “qırx düymə” və “zənbil” sırğalar, “gül komplektlər” alınırdı. Ortası sapfir, kənarları Sibir brilyantları ilə dövrələnmiş komplektlər isə Sovet dövrünün ən dəbli və statuslu zərgərlik nümunəsi idi. Hamısı da əl əməyi, göz nuru… Daha qəlibli, möhürlü, hazır sırğa-üzüklər deyil. Onun bu sənətə marağının həm də çox önəmli tərəfi var idi. Məncə, özü dərk edirdi ki, bu sənət ona daha böyük dividendlər gətirəcək. Və haqlı idi.  

Atam dövrünün tanınmış sənətkarlarından olub, demək olar ki, ömrünün sonuna qədər də şagirdləri var idi. O vaxt texniki vasitələr olmadığı üçün qızılın əyarını daş və xüsusi yağla müəyyən edirdilər, brilyantın təbii olub-olmamasını isə yalnız zərgər görə bilirdi. Böyüdücü şüşə altında daşın təmizliyini, cilasını təyin edirdi. Hə, atam da bu bilikləri şagirdlərinə öyrədərdi. 

O vaxt sosial şəbəkə yox, “WhatsApp” yox. Atamın bacarığı şəhərdə simsiz teleqraf kimi yayılmışdı. Müştəriləri arasında tanınmış müğənnilər, alimlər də var idi. Bu müştərilər atamın iş yerinə getməz, axşamlar evinə gələrdilər. Yəni heç kim deməsin ki, filankəsin pulu çoxdur, Oqtay kişiyə üzük-sırğa düzəltdirməyə gəlib.

“Aboxeyz”, “uçastkovıy” onsuz da atamı ömrü boyu güdüb. Həm işdə, həm məhəllədə. Üstəlik, pullu adamları kasıb və paxıl qonşular, qohumlar da güdərdi. Sadəcə, indi əlləri heç yerə çatmır, o vaxt isə “donos” yazardılar. Bəlkə, indi də yazan var, bilmirəm. Mən sizə “Şaxnoviçin dükanı”nda şıdırğı alver gedən vaxtlardan yazıram. 

Atamın sovet dönəmi üçün maraqlı xatirələri var idi. Deməli, hər bir zərgərin “sistemdə” öz adamı var idi. 

Yoxlamaya bir-iki gün qalmış xəbərdar edərmiş. Adamlar da ehtiyatını tutarmış. Bir dəfə atama xəbər etmirlər, ya da xəbər etməyə imkan olmur. “Aboxeyz”mi, kimmi axşam qapını döyür ki, “axşamınız xeyir, yoxlamaya gəlmişik!”

Qeyd edim ki, o vaxt hər qram qızıl üçün kağızın olmalı idi. Möhürlü, filanlı. Hardandır, kim verib və s. Əgər əldə olan qızılla sənin kağız-kuğuzun düz gəlmirdisə, ya 10-15 il, ya da güllələnmə hazır idi. Yəni bir ətək pul da töksən, “içəriyə” gedəcəkdin.

Qapı döyülür, evdə də bəlli miqdarda qızıl var. Tutsalar, heç nə… Atam necə edirsə, bunlar evi gəzənə kimi əlində olan qızılları dovğa qazanının içinə atır. Axtarırlar, bir şey tapmırlar, gedirlər.  Yəni o vaxt sənətkar olmaqdan başqa, gərək “sistemdən” qorunmaq üçün də baş işlədəydin. Lazımlı adamlarla dost olmaq, qonaqlıq və konvert vermək lazım idi. 

Evimizdə yazı stolu var idi. Amma o stol “zərgər stolu” idi. Siyirmələrində rəngli daş-qaşlar, qızıl-gümüş olardı. Mənim üçün dəmir manpası qutularındakı daş-qaşlar oyuncaq kimi idi. Gözümü açandan “imperial”ı “poluimperial”dan ayırmağı bacarmışam. Bəzi hallarda həmin pulların üstündə qulplar olurdu. Sonradan qoyulma. Həmin qızıl pulları bizim qadınlar kulon kimi qızıl sepə taxardılar. Bu dəb indi də bəzi rayonlarımızda var.

Qızıl pula ki, qulp qoyuldu, deməli, dəyəri düşürdü. Artıq əntiq “onluq” sayılmırdı. Atam deyirdi ki, “Nikolayın pulunun” xeyli sayda qəlpi var. Bəzən içi mis və başqa metallardan olurdu. Bəzən isə içi elə qızıl olurdu, amma bu pullar daha sonra kustar üsulla hazırlananlar idi. Yəni Nikolaya heç bir aidiyyəti yox idi. 

Qeyd edim ki, bu qızıl pullar Rusiya imperatoru II Nikolayın dövründə - 1897-1911-ci illərdə Sankt-Peterburqda “Monetnıy dvor”da kəsilib. Aversdə II Nikolayın portreti, reversdə isə Rusiya imperiyasının ikibaşlı qartalı həkk olunub. 

İllərinə və kəsilmə tirajına görə qiymətləri fərqlənir. 900 əyar olan bu qızıl pullar indi də kapitalın saxlanılmasında geniş istifadə olunur. Onu da qeyd edim ki, 1923-1926-cı illərdə sovet hökuməti də padşah pullarının nümunəsində qızıl “beşlik” və “onluq”lar kəsməyə başlayır. Bunun isə iqtisadi səbəbi var idi.

Ümumiyyətlə, sovet hökuməti tərəfindən 52.622.000 rubla bərabər qızıl pullar kəsilib. Bu qızıl pullar Nikolayın əsl pullarından fərqlənmir. Nə qızılın tərkibi, nə də pulun qramına görə. Elə dəyərinə görə də. 

90-cı illərdə bəzi bacarıqlı adamlar “Nikolayın pullarını” aktiv şəkildə almağa başlayır və ölkədən çıxarırdılar. Daha çox Almaniyaya daşıyırdılar. Orada müştəri çox idi. Yadıma gəlir ki, 50-100 dollara satanlar da olurdu.  Bəlkə də, daha ucuz. Bu gün “Nikolayın onluğu” elə Rusiyanın özündə 800-1000 dollar arasında satılır. Hər halda internet mağazalarda bu qiymət göstərilir. 

Yenə də əsas məsələ, “qızıl onluğun” gərək qulpu olmasın. Qulp olsa, heç nə. Adi qızıl parçası olacaq, qrama vurulub, pulu veriləcək. 

Əslində, bu “onluqlar” necə də insanlara bənzəyir. İçi mis, üstü qızıl olan qəlp pullar kim? Üstünə qulp vurulan seplərə taxılanlar kim? Dəbdən düşəndən sonra, qulpu olduğu üçün öz əvvəlki dəyəri verilməyən qızıl pullar kim? 

Bəzilərinin bəxti gətirəcək, xaricə aparılacaq, varlı müştərinin bahalı seyfində saxlanılacaq. Bəzilərinin dəyərini sahibi heç vaxt bilməyəcək, əridib qızıl sep toxudacaq. Bəziləri hələ də küplərin içində torpaq altında yatır. Bəziləri ailənin “qara gününə” saxlanılıb... 

Həyatda isə ən çətini qəlp insanları düz insanlardan ayırmağı bacarmaqdır. Çox təəssüf ki, buna uzun illər tələb olunur. Gərək zərgər Oqtayın yanında şagird olasan... Qızılı daşa çəkib yağ vurasan.