“Bank Respublika” birinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

10:40 27-04-2020 606

Ölkənin ən böyük banklarından biri olan “Bank Respublika” 2020-ci ilin birinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, bank cari ilin birinci rübündə dinamik inkişaf etməyə davam edib və ötən ilin birinci rübü ilə müqayisədə, bütün maliyyə göstəriciləri üzrə artım nümayiş etdirib.

Belə ki, 31 mart 2020-ci ilə bankın məcmu kapitalı 51%, depozit portfeli 27%, kredit portfeli isə 32% artıb. Qeyd etmək lazımdır ki, verilmiş kreditlərin 75%-i Azərbaycan iqtisadiyyatı üçün prioritet sahə olan real sektorun kreditləşməsinə yönəldilib.

Ötən ilin birinci rübü ilə müqayisədə, qeyri-işlək kreditlərin (NPL) bankın ümumi kredit portfelindəki payı da azalaraq, 1,27% təşkil edib.

2019-cu ilin birinci rübü ilə müqayisədə, bankın xalis mənfəəti dörd dəfə artaraq, 2,9 milyon manat, xalis faiz gəlirləri isə 63% artaraq, 13.2 milyon manat təşkil edib. Hesabata əsasən, bankın aktivləri 1,3 milyard manatdan çox olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə, 24% çoxdur.

“İlk rübdə həm korporativ, həm də pərakəndə satış istiqamətində əldə etdiyimiz yüksək nəticələr son illərdə qəbul etdiyimiz qərarların doğruluğunu təsdiq edir. Bank bu yüksək nəticələri müştərilərin etimadı, komandamızın yüksək peşəkarlığı, məhsul və xidmətlərin daim təkmilləşdirilməsi, yeni rəqəmsal həllərin yaradılması və inkişafı sayəsində əldə edə bilib.

Bu il bank sektoru çox ciddi çağırışlarla üzləşib, lakin mən əminəm ki, dövlətin vaxtında gördüyü effektiv tədbirlər banklara dayanaqlılığı möhkəmləndirməyə və müştərilərinə hər cür dəstək verməyə imkan yaradacaq”, - deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.

22 may 1992-ci ildə yaradılmış “Bank Respublika” fərdi və hüquqi şəxslərə geniş xidmətlər təqdim edən Azərbaycanın universal özəl bankıdır. Bankın səhmdarları sırasında Almaniyanın iki tanınmış maliyyə institutu təmsil olunur – “KfW bank” qrupunun üzvü DEG İnvestisiya Şirkəti və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü Sparkassen International Development Trust.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, “Facebook” səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.