Arxitektorlar İttifaqının sədri: Bakının Baş planının işlənməsi məşhur alman şirkətinə tapşırılıb - AÇIQLAMA

21:00 27-04-2020 430

Bakının baş planının işlənməsi “Alber Şpeer və tərəfdaşları” şirkətinə tapşırılıb.

Bunu Media.az-a müsahibəsində Azərbaycan Arxitektorlar İttifaqının sədri Elbəy Qasımzadə bildirib.

Onun sözlərinə görə, məhşur alman şirkəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin keçirdiyi tenderin qalibi seçilib: “Mən tender komissiyasının üzvü idim və biz hesab etdik ki, alman firması bizim şərtlərimizə daha çox uyğun gəlir”.

Bundan əvvəlki Baş plan layihələrindən söhbət açan tanınmış arxitektor, onların da bugünkü şəhərsalma işlərində faydasından danışıb: “Prinsipcə, Baş plan hər zaman olub, keçən əsrin 30-cu illərindən. O vaxtdan onun tədricən reallaşması gedir. Vağzal - Elmlər Akademiyası oxu hələ həmin ilk Baş planda öz əksini tapmışdı. Birinci hissəyə vağzaldan Səməd Vurğun küçəsinə qədər olan ərazi daxil idi. Vaxt keçdi və biz onun davamı olaraq Akademik Milli Dram Teatrına və Nəriman Nərimanov küçəsinə qədər olan hissəni reallaşdırdıq. Yəqin ki, tezliklə bu ox Hüseyn Cavid prospektində yerləşən Elmlər Akademiyasına qədər davam edəcək”.

E.Qasımzadə şəhər çərçivəsində olan qəsəbələrin gələcək taleyi ilə də bağlı fikirlərini bölüşüb: “Baş plan şəhərin inkişaf strategiyasını müəyyənləşdirməlidir. Axı şəhər çərçivəsində olan torpaq resurslarından istifadə etmək olar. Bizdə hələ də şəhər mərkəzində Xutor, Alatava, Keşlə kimi qəsəbələr var. Aydındır ki, onlar olduqları şəkildə qala bilməzlər. Eyni zamanda, biz deyə bilmərik ki, qısa müddətdə bu qəsəbələr köçürülməlidir. Bu, tədricən baş verəcək”.

Bakıətrafı qəsəbələrin və nəqliyyat infrastrukturunun inkişafı məsələsinə gəldikdə isə o, alman şirkətinin maraqlı təkliflərindən danışıb: “Belə bir ideya var ki, dünyanın iri şəhərlərində olduğu kimi, bizdə də yerüstü metro tikilsin. Belə olan təqdirdə, Abşeronun səthi düz olduğu üçün relslər dayaqlar üzərinə qoyulmasa da, olar. Lakin bəzi yerlərdə yəqin ki bunu etmək lazım gələcək”.

Namiq Həsənov