Rusiyalı analitik: SOCAR iş dünyasında Azərbaycanla əlaqələndirilir

10:45 15-07-2019 1530

Dünya brendinə çevrilmiş milli şirkətlər mahiyyət etibarilə şirkətlərin və vətəndaşların – məhsul istehlakçılarının gözündə ölkənin simasıdır.

Bunu Media.az-a açıqlamasında Rusiyanın “FİNAM investisiya holdinqi” SC-nin ekspert-analitiki Aleksey Kalaçev deyib.

Onun sözlərinə görə, məhsul və brendə bəslənən yaxşı münasibət çox vaxt ölkə nümayəndələrinə də şamil edilir:

“Çoxları üçün “Qazprom” Rusiyanı, “Microsoft” və “Apple” ABŞ-ı, “Mercedes” və “Mitsubishi” müvafiq olaraq Almaniya və Yaponiyanı tərəssüm etdirdiyi kimi, SOCAR da iş dünyasında Azərbaycanla əlaqələndirilir”.

A.Kalaçev qeyd edib ki, idman və mədəniyyət tədbirlərinə sponsorluq etmək hazırda şirkət imicinin vacib tərkib hissəsidir:

“Bunu dünya arenasında nüfuzun artmasına xidmət edən bir növ “yumşaq güc”ün təzahürü adlandırmaq olar”.

“İnkişaf etmiş dünyada müasir iqtisadiyyat biznesin sosial funksiyasına böyük önəm verir. Keyfiyyətli məhsul təqdim etmək azdır, səmərəli və gəlirli olmaq kifayət etmir, aşkarlıq, xoş məramlar və biznesin cəmiyyətə verdiyi faydanı nümayiş etdirmək lazımdır”, - o əlavə edib.