Koronavirus Azərbaycanın sığorta bazarında nələri dəyişdi? - VİDEO

09:20 29-04-2020 563

Koronavirus pandemiyası maliyyə bazarının tərkib hissəsi olan sığorta bazarına da təsirsiz ötüşməyib. Azərbaycan sığorta bazarında isə əsas məqsəd bu müddəti minimum zərərlə başa vurmaqdır. Mövcud vəziyyətdə könüllü sığorta məhsulları bazarda itki ilə üzləşsə də, daşınmaz əmlakın sığortasında vəziyyət bir qədər fərqlidir. 

Azərbaycan Sığortaçılar Assosasiyasının mətbuat katibi Səbinə Ağayeva Baku.Tv-yə bildirib ki, xarici səfərlərin ləğv olunması səfər sığortasının sayının azalmasına gətirib çıxarıb:

“Ötən il Azərbaycanda bu göstərici beş milyon idisə, bu il nəticənin nəzərəçarpacaq dərəcədə az olacağı gözlənilir. Ancaq insanların bu müddətdə evdə olması daşınmaz əmlaka marağı artırdı və bu sahədə vəziyyət yaxşılaşdı. Yaranmış vəziyyət, eyni zamanda könüllü tibbi sığortanın artması üçün çox münbit şərait yaradıb”. 

Ekspertlər hesab edir ki, bu cür məqamlarda sığorta şirkətləri oturub müştəri gözləməməlidir. İndiki şəraitə uyğun sığorta məhsulları təklif etmək çox vacibdir. Ancaq özəl sığorta şirkətləri bu addımı da riskli hesab edir. Bundan əlavə, nə qədər qəribə səslənsə də, koronavirus pandemiyası digər sahələrlə bərabər sığorta bazarına da yeni davranışlar gətirib. Artıq insanlar sığorta məsələləri ilə bağlı sənədləşmələrini fiziki olaraq yox, onlayn formada həyata keçirirlər.