Nadir Nəsibov FIBA Avropa-nın videokonfransında iştirak etdi - FOTO

18:00 29-04-2020 422

Bu gün Avropa Basketbol Federasiyasının (FIBA Avropa) təşəbbüsü ilə təşkilatın üzvü olan milli basketbol federasiyaları ilə videokonfrans keçirilib.

HerGun.Az xəbər verir ki, onlayn-konfransda koronavirus pandemiyasının nəticəsində üzv ölkələrdə yaranmış mövcud vəziyyət və onun milli federasiyalarının fəaliyyətinə təsiri barədə geniş müzakirələr aparılıb.

Onlayn-konfransda çıxış edən Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Nadir Nəsibov koronavirus pandemiyasının təsiri nəticəsində ölkəmizdə yaranmış vəziyyət və Azərbaycan hökümətinin bu xəstəliyinin yayılmasının qarşısının alınması üçün həyata keçirdiyi çevik, zəruri qabaqlayıcı və preventiv tədbirlər haqqında ətraflı məlumat verib.

O, həmçinin, bu vəziyyətdə ABF-nın ölkədaxili yarışlarla bağlı qəbul etdiyi qərarları konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Onlayn-konfransda Avropa basketbol federasiyalarının rəsmiləri ilə yanaşı, FIBA Avropanın prezidenti Turqay Dəmirəl, I vitse-prezident Jan-Pyer Suitat, vitse-prezidentlər Karmen Tokala və Con Qonsalveş, icraçı direktor Kamil Novak iştirak edib.

Eyni zamanda, qeyd etməliyik ki, dünən ABF-nın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Fərid Məmmədov üzv olduğu FIBA Avropa kiçik ölkələrinin komissiyasının onlayn-konfransında iştirak edib.