“MilliÖn” sistemləri üzərindən onlayn ödənişlər niyə gecikir? - AÇIQLAMA

13:00 30-04-2020 304

Vətəndaşlar “MilliÖn” internet şəbəkəsi üzərindən edilən ödənişlərin gecikməsindən narazılıq edir.

HerGun.Az xəbər verir ki, bu barədə şikayət sosial şəbəkədə paylaşılıb.

Vətəndaş iddia edir ki, ötən gün “MilliÖn” şəbəkəsinin internet saytından pul köçürməsi həyata keçirsə də, ödəniş aidiyyəti üzrə yüklənməyib:

“Pul köçürməsi etmişəm, məbləğ sistemə yüklənməyib. “Qaynar xətt” ilə əlaqə saxlayıb, problemi bildirdim. Mənə aparılan profilaktik işlər səbəbindən köçürmənin üç iş günü ərzində sistemə yüklənəcəyi bildirildi. Əgər saytda texniki iş aparılırsa, nə üçün istifadəni dayandırmırlar? Bu nə dərəcədə düzgündür?”

Məsələ ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün “MilliÖn” şəbəkəsinin İctimaiyyətlə Əlaqələr və Müştəri Xidmətləri idarəsinin rəhbəri Ülviyyə Əfəndiyeva ilə əlaqə saxladıq.

HerGun.Az-a açıqlama verən Ü.Əfəndiyeva sözügedən problemin onlardan asılı olmayan səbəblərdən yaşana biləcəyini qeyd edib:

“Onlayn ödənişlər bizim sistem üzərindən həyata keçirilsə də, prosedur qaydalarında bir neçə mərhələ və aidiyyəti qurumların da iş mexanizmi əhəmiyyətli rol oynayır. Bu, texniki baxımdan yalnız bizdən asılı deyil. Bu sistem şirkət olaraq bizim, eləcə də əməkdaşlıq etdiyimiz müvafiq bankların və emal sistemlərinin qaydalarına uyğun şəkildə birgə fəaliyyəti nəticəsində çalışır. Bütün digər ödəniş saytları da bu cür prosedur qaydaları çərçivəsində fəaliyyət göstərir.

Vətəndaş bununla bağlı bizə müraciət etdiyində dərhal sistemdə baxılır. Avtomatlaşdırılmış sistem olduğu üçün vaxt itirmədən vətəndaşın ödəniş zamanı hansı çətinliklə qarşılaşdığı görülür və müvafiq şöbəyə məsələ ilə bağlı məlumat göndərilir. Vətəndaşa isə maksimum müddət, yəni üç iş günü ərzində məlumat veriləcəyi deyilə bilər. Amma bu, hökmən üç gündən sonra məsələ öz həllini tapacaq demək deyil. Vəziyyətdən asılı olaraq, problem bir saat ərzində də həll oluna bilər, bir gün ərzində də. Heç bir halda vətəndaşın ödənişi itə bilməz, bununla barğlı heç kim narahat olmasın.

Əgər sırf bizim sistemlə bağlı yaranan texniki problem səbəbindən bank ödənişlərində vətəndaşa gecikmə yazılarsa, həmin bankla əlaqə saxlanılır, məsələyə aydınlıq gətirilir. Vətəndaşa bizim sistemin texniki problemi səbəbindən heç bir halda bank tərəfindən gecikmə yazılmır. Prosedur qaydaları çərçivəsində maksimum çalışırıq ki, vətəndaşın problemini operativ qaydada həll edək. Vətəndaşlardan da bu kimi hallarda anlayışlı olmalarını xahiş edirik”.

Könül Cəfərli