Abşeronda baş verən oğurluq kameralara düşdü - ANBAAN VİDEO

15:00 30-04-2020 431

Xırdalanda baş verən oğurluq hadisəsinin görüntüləri yayılıb.

HerGun.Az xəbər verir ki, hadisə anının əks olunduğu video sosial şəbəkədə paylaşılıb.

Paylaşım edən şəxs bu hadisənin Abşeron rayonu, Xırdalan şəhəri, Xudu Məmmədov küçəsində baş verdiyini qeyd edib.

Vətəndaş iddia edir ki, həmin hadisədən sonra eyni küçədə avtomobil və evlərdən 15 oğurluq faktı olub.

Məsələ ilə bağlı HerGun.Az-a açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, vətəndaşlar tərəfindən hüquq-mühafizə orqanlarına bütün hadisələr barədə verilən məlumatlar qeydə alınır:

“Sosial şəbəkələrdə oğurluq hadisələri ilə bağlı müxtəlif görüntülər paylaşılır. Biz demirik ki, baş vermir. Vətəndaşların tez bir zamanda baş verən hadisələrin üstünün açılmasını istəmələrini başa düşürük. Lakin bütün vətəndaşlar bilməlidir ki, polis əməkdaşları bütün hadisələri araşdırır.

İstər oğurluq, istərsə də cinayət hadisələri ilə bağlı onların üstü açılana qədər araşdırmalar aparılır. Bu istiqamətdə vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət ediblərsə, məsələ mütləq şəkildə öz həllini tapacaq. Polis məsələnin həlli və vətəndaşa dəyən ziyanın geri ödənilməsi istiqamətində zəruri olan bütün tədbirləri həyata keçirəcək”.

Könül Cəfərli