Teleməkanda ilk dəfə onlayn biznes forumu - VİDEO

19:40 01-05-2020 486

ARB24-ün media dəstəyi ilə teleməkanda ilk dəfə “Biznesdə pandemiya” onlayn forumu keçirilib.

Ümumilikdə 3 gün davam etməsi planlaşdırılan “Biznesdə pandemiya” onlayn forumunun ilk günü geridə qalıb.

Artıq forumun ilk günündə “Böhranın biznesə təsiri - Şirkətlər böhrana necə hazır olmalı?” və “Biznesdə böhran kommunikasiyasının önəmi” sessiyaları baş tutub.

Sessiyalar çərçivəsində “Böhran biznesin sonudur, yoxsa yeni bir fürsət?”, “Hər daim böhrana hazır olmalıyıq, amma necə?”, “Böhran zamanı komanda”, “Proaktiv böhran kommunikasiyası”, “Bizneslər böhran kommunikasiyasının yetərində önəm verirmi?”, “Kommunikasiyanın idarə edilməsində psixoloji amillər” mövzularında bir-birindən dəyərli biznesmenlər, biznes konsultantlar və biznes idarəçiliyi üzrə zəngin təcrübəsi olan ekspertlərin fikirləri dinlənilib.

Bundan başqa, 2 və 3 may tarixlərində növbəti sessiyalar baş tutacaq. İzləyicilər 2 may saat 12.00-14.00 saatlarında “Böhranın rəqəmsal dünyaya təsiri - Azərbaycanda e-ticarət”, “Data analitikanın biznesdə tətbiqinin önəmi” sessiyalarını, 3 may saat 12.00-14.00 saatlarında isə “Böhran bizə nəyi öyrətdi?”, “Post-pandemiya dövründə biznes” sessiyalarını izləyə biləcəklər.

Yayım ilk sessiyada olduğu kimi ARB24 kanalı ilə birlikdə kanalın rəsmi “Facebook” səhifəsindən də canlı yayımlanacaq. Həmçinin izləyicilər forumda iştirak edən ekspertlərə sual vermək imkanı əldə edəcəklər.

Qeyd edək ki, onlayn biznes forumun keçirilməsinə məqsəd xüsusi karantin rejimi zamanı sahibkarlar və digər biznes subyektlərinin təcrübəli biznes konsultantların və digər biznes idarəçiliyi üzrə zəngin təcrübəsi olan ekspertlərin pandemiya böhranının ölkə iqtisadiyyatına vurduğu zərərlər və böhrandan az zərərlə çıxmağın mümkün variantları haqqında tövsiyələri ilə maarifləndirməkdir.