“Lord” Ramal: “İspan dilini öyrənirəm” - FOTO

20:20 04-05-2020 481

“Həyət evində qalıram deyə, “qruşa”, “turnik”, paralel qollar var. Hər gün bunlarla fiziki hərəkətlər edirəm. Amma sırf peşəkar kikboksçu kimi heç bir idman hərəkəti edə bilmirəm. Çünki Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin zalı ilk bağlananlardan oldu. Ona görə də ora da getmək imkanın yoxdur. Bir sözlə, etdiyim idman həvəskar səviyyədədir”.

Bunu HerGun.Az-a kikboksinq üzrə dünya və Avropa çempionu Ramal Aslanov deyib.

28 yaşlı idmançı evdə olarkən ispan dilində öyrənməyə başladığını bildirib:

“İspan dili öyrənirəm. İngilis dilindən sonra dünyada ən çox istifadə olunan dildir. Latın Amerikasında demək olar ki, Braziliyadan başqa bütün ölkələr bu dildə danışır. Bir ara kursa gedirdim, indi kurslar bağlanıb deyə evdə təkrarlayıram. Bir də telefonumda PUBG (Player Unknown's Battlegrounds) oynayıram”.

Peşəkar kikboksinqdə “Lord” ləqəbi ilə çıxış edən Ramal Aslanov qarşıdakı yarışlarından da danışıb:

“Martda Vyetnamda peşəkar döyüşüm və mayda Fransada WAKO-nun (Ümumdünya Kikboksinq Təşkilatları Assosiasiyası) dünya kəməri uğrunda döyüşüm olmalı idi. Amma koronavirusa görə bu yarışlar baş tutmadı. Ümumiyyətlə, koronavirusa görə kikboksinqdə də durğunluqdur. 7-10 may tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilməli XXVI Dünya Kuboku ləğv olunub.

Hələ ki ləğv olunmayan yarış 10-18 oktyabr tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa çempionatıdır. Yeri gəlmişkən sevinirəm ki, Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəylik Oyunlarına kikboksinq də ilk dəfə olaraq salınıb. Bu yarış Olimpiya və Paralimpiya Oyunlarına görə təxirə salınmasa, gələn il keçirilməlidir”.

Səbuhi Musayev