Əməkdar artist gündəmə damğa vurdu: “Səhnədə məni heç kim əvəz edə bilməz” - ÖZƏL

15:20 05-05-2020 520

“Evdə və bağda dincəlirəm. Efirə çıxmağa həvəsim yoxdur”.

Bu sözləri HerGun.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Almaz Ələsgərli deyib. 

Sənətçi İsveçrədə yaşayan qızından danışıb. Tez-tez böyük qızı Mədinə ilə telefonla danışan A.Ələsgərli onun üçün darıxmadığını söyləyib:

“Böyük qızım Mədinə İsveçrədə yaşayır. Nəvələrim Melisa ilə Səid də yavaş-yavaş böyüyürlər. Onlarla hər gün saatlarla “Skype”da danışıram. Heç darıxmıram da... Elə bilirəm ki, yanımdadırlar, uzaqda deyillər. Özüm də vaxtaşırı qızıma baş çəkirəm.

Kiçik qızım Əminə isə yanımdadır.

İsveçrədə vəziyyət daha yaxşıdır. Orada karantin də tətbiq edilməyib”.

Efirə az-az çıxan A.Ələsgərli daha çox hazırda çalışdığı Musiqili Komediya Teatrına meyil saldığını bildirib:

“Musiqili Komediya Teatrında çalışıram. Çoxlu tamaşalarımız var. Karantin bitəndən sonra fəaliyyətimizi artıq səhnədə davam etdirəcəyik. Tamaşalarımızı hələ ki, onlayn formada keçiririk.

Yeni dörd tamaşa üzərində işləyirəm. Məşhur “Hicran” tamaşasında Qızbacı obrazını canlandırmaq üçün təklif aldım. O rolun mahir ifaçısı görkəmli aktrisa Nəsibə Zeynalova olub. Ondan sonra həmin obrazı oynamaq asan məsələ deyil. Amma mən bu rolu oynamağa razılıq verdim. Çalışacağam ki, öhdəsindən gəlim”.

Almaz Ələsgərli özü barədə gəzən “Müğənnilik karyerasına son qoyub” xəbərlərini yalanlayıb:

“Müğənnilik sənətini heç zaman atmaram. Səhnədə məni heç kim əvəz edə bilməz. Öz yolum, dəst-xəttim və yerim var. O yeri isə heç kimə vermərəm.

Teatr sənətini necə sevirəmsə, müğənnilik sənətini ondan qat-qat çox sevirəm. Həmişə sənətimi uca tutmuşam. Bundan sonra da belə olacaq”.

Rəşad Əliyev