Hamıya karantində qalmağı tövsiyə etdi, özü qadına görə qaydaları pozdu

03:40 07-05-2020 333

Britaniyalı epidemioloq Nil Ferqyuson özünütəcrid rejimini pozduqdan sonra hökumətin Elmi Şurasından istefa verib. O, artıq Britaniya hökumətinə tövsiyə verə bilməyəcək.

Bu barədə “The Daily Telegraph” məlumat yayıb.

Qəzetin yazdığına görə, o, öz evində bir qadınla görüşüb və bununla da karantin qaydalarını pozub.

Maraqlıdır ki, Böyük Britaniyada karantin məhz onun tövsiyəsi ilə tətbiq olunub. Belə ki, Ferqyusonun başçılıq etdiyi qrup pandemiyanın inkişaf modelini hazırlayıb və yumşaq məhdudlaşdırıcı tədbirlərin yüz minlərlə insanın ölümünə səbəb olacağını proqnozlaşdırıb.

Bundan sonra hökumət sərt karantin rejimi tətbiq edib. Martın 23-də Baş nazir Boris Conson ölkədə ümumi karantin elan edib. Britaniyalılar ancaq xüsusi hallarda küçəyə çıxa bilirlər. Bunlara zəruri məhsulların alınması, gündə bir dəfə idman, tibbi ehtiyaclar və işə getmək daxildir. Ölkədə həmçinin iki nəfərdən çox adamın toplaşmasına qadağa qoyulub.

Onu da vurğulayaq ki, koronavirusdan ölüm hallarına görə Böyük Britaniya İtaliyanı geridə qoyaraq Avropada birinci sıraya yüksəlib. Ölkədə bu günə qədər 194 990 yoluxma halı qeydə alınıb. Bunlardan da 29 427-si ölümlə nəticələnib.