Malxaz Qulaşvili ermənilərin gürcü kilsələrinə iddiaları barədə: “Bu, dəli sayıqlamasıdır” - MÜSAHİBƏ

12:20 07-05-2020 459

Erməni fəallar həm Ermənistanda, həm də Gürcüstanda gürcü pravoslav kilsələrinə qarşı iddialar irəli sürmək üçün növbəti kampaniya başladıblar. Belə təəssürat yaranır ki, ümumiyyətlə, bütün qədim Tbilisi yalnız “erməni şəhəri”dir. “Kavkaz Plyus”un yazdığına görə, erməni millətçiləri Tbilisidə hazırda pravoslav kilsələri də daxil olmaqla, 28 gürcü məbədinə iddialıdırlar. Ermənistanda həmin kilsələr “gürcüləşdirilmiş” adlandırılır.

Tanınmış gürcü politoloq, ictimai xadim, “Georgia Times” media holdinqinin rəhbəri Malxaz Qulaşvili Media.Az-a verdiyi müsahibədə onun üçün bu iddiaların təəccüblü olmadığını dedi.

- Gürcü pravoslav kilsələrinə qarşı hansı səbəbdən yeni iddia dalğası başlayıb?

- Bir dəfə bu barədə sizə demişdim: onlarda (ermənilər - red.) özgəsinin malını özününküləşdirməyə çalışmaq çox sevilən bir idman növüdür. Yaxşı və gözəl olanların hamısı “ermənilərin” olmalıdır. Onlar Cvari monastırının (VII əsr) da, kilsələrin də ermənilərə məxsus olduğunu deyirdilər. Lakin tarix belə bir şey olmadığını sübut edir. Heç vaxt da olmayacaq. Patriarxımız onlara layiqli cavab verdi. Ermənistan tərəfinin hansı düşüncələrinin olduğunu söyləmək mənə çətindir, amma onların planları reallaşmayacaq. Artıq belə axmaq əməllərə əhəmiyyət vermirik.

- Yeri gəlmişkən, qeyd edirlər ki, hətta Metexidə hansısa Fridonyan tərəfindən bərpa edilmiş, sonra yenidən dağıdılan erməni kilsəsi var.

- Metexi - Tbilisi və Gürcüstanın ən qədim rayonlarından biridir. Onu V əsrdə gürcü kralı olan və kilsə tərəfindən müqəddəs şəxs kimi tanınan Vaxtanq Qorqasali tikib. Həmin vaxt Ermənistan hətta bir dövlət kimi yox idi. Yaxşı olardı ki, ermənilər öz kilsə və monastırlarının hansı vəziyyətdə olduğuna baxsınlar. Atalarımız tərəfindən qurulmuş kilsələrimizə isə iddia edilməməlidir!

- Məsələ də elə burasındadır ki, indiki Ermənistan ərazisində qədim kilsə və monastırların sayı çox deyil...

- ...Mən də elə bu barədə danışıram. Onların sayı azdır, özü də pis vəziyyətdədirlər.

- Tbilisi növbəti iddialara reaksiya verməyəcək?

- Nə üçün? Bu, bizə lazım deyil. Problem yaratmaq istəyən bir qrup dəlinin ifadələrinə cavab verməyəcəyik. Gürcüstanda başa düşürlər ki, bir çox erməni fəalları, sadəcə, iddiasız yaşaya bilmir. Ancaq tarix nəyin nə olduğunu göstərir. Onların ataları müxtəlif ərazilərdə sərgərdan gəzərkən, bizimkilər yaradırdılar, kilsələr, evlər tikirdilər. Ermənilər Bakını da özlərinin qurduğunu deyirlərsə, İstanbuldakı universitetin də onların tikilisi olduğunu iddia edirlərsə, daha nə istəyirsiniz? Onlar Şota Rustavelinin (böyük gürcü mütəfəkkiri, XII əsrin dövlət xadimi və şairi - red.) də erməni olduğunu deyirlər. Bütün bunlardan sonra onlardan nə gözləyirdiniz ki?..