Teymur Rəcəbov bu gün Aronyanla qarşılaşa bilər

13:40 07-05-2020 447

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun yarışdığı Millətlər Kuboku onlayn şahmat turnirində bu gün V və VI turun görüşləri keçiriləcək.

HerGun.Az xəbər verir ki, Teymurun tərkibində olduğu “Dünyanın Qalan Hissəsi” yığması bu gün əvvəlcə Avropa komandası, daha sonra Çin millisi ilə qarşılaşacaq.

Şahmatçımızın birinci lövhədə rəqiblərinin müvafiq olaraq Maksim Vaşye-Laqrav və Dinq Lirenin olacağı gözlənilir. Xüsusən, Vaşye-Laqravla oyunun prinsipial olacağını indidən ehtimal etmək olar. Çünki məhz Teymur Rəcəbovun Yekaterinburqda keçirilən İddiaçılar Turnirindən koronavirus təhlükəsizliyi səbəbindən imtina etməsindən sonra FIDE fransalı şahmatçını bu turnirə dəvət etmişdi.

Ancaq Avropa yığması bu gün Teymura qarşı birinci lövhədə erməni Levon Aronyanı da oynada bilər. Onu da bildirək ki, cütlüklər yarışın başlamasına 30 dəqiqə qalmış bəlli olur.

Qeyd edək ki, Teymur Rəcəbov iki gün öncə başlamış bu turnirdə dörd görüş keçirib. O bunlardan üçündə heç-heçə edib, birində isə məğlub olub. Şahmatçımızın yeganə məğlub olduğu rəqib dünən rusiyalı Yan Nepomnyaşi (Maksim Vaşye-Laqravla birgə yarımçıq dayandırılmış İddiaçılar Turnirinin lideri – S.M.) olub.

Onun komandasının da turnir cədvəlində vəziyyəti heç də yaxşı deyil. Bir qələbə qazanan və üç məğlubiyyətlə üzləşən dünya komandası hazırda iki xalla beşinci sıradadır. Lider yeddi xalı olan Çin millisidir.

Səbuhi Musayev